Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda
əsaslı təmir-bərpa işlərinə başlanılıb.
Təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı
şəhəri istiqamətində aparılır.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya
uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız
qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək
yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının
tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola
yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir-bərpa işləri ilə sözügedən yol boyu avtonəqliyyat
vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan
problemlər tam olaraq aradan qaldırılmış olacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər
hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat
vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa
işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat
vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz
təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb,
müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol
nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla
yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları,
müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına
riayət etmələri xahiş olunur.