Bakı-Quba yolu mərhələli təmir olunacaq.
Bunu Trend-in suallarına cavab oalraq Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli deyib.
O bildirib ki, Bakı-Quba yolunda mütəmadi olaraq təmir işləri
icra olunur, ərazidə hərəkət müvəqqəti normallaşsa da, bir müddət
sonra təmir işlərinin əhəmiyyəti itir. Bu səbəbdən də həmin yolun
əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var:
“Bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Həmin
təqdim olunmuş məlumatlar əsasında Bakı-Quba yolunun mövcud
Bakı-Sumqayıt hissəsinin 30 kilometri təmir olunub. Hazırda yolun
Tağıyev qəsəbəsi hissəsində 14 kilometr əsaslı yenidənqurma işləri
icra olunur. Bu işlər mərhələli şəkildə davam etdiriləcək”, – qurum
rəsmisi bildirib.
Onun sözlərinə görə, hazırda Bakı-Quba-Rusiya istiqamətində yeni
avtomobil yolu inşa olunur.
“Yeni yolun inşasının bu ilin sonuna qədər yekunlaşdırılması
planlaşdırılır. Ondan sonra hazırkı Bakı-Quba yolunda hərəkət
intensivliyi azalacaq və həmin ərazidə də yenidənqurma işlərinə
maneəsiz şərait yaranacaq. Tağıyev qəsəbəsində işlər yekunlaşdıqdan
sonra mövcud Bakı-Quba yolunda yenidənqurma işlərinin aparılması
nəzərdə tutulur”, – A.Nəcəfli vurğulayıb.