Bakı-Qazax yolunun genişləndirilməsi işləri ilin sonuna qədər yekunlaşacaq (FOTO/VİDEO)

Beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil
yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4
hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam
etdirilərək yekunlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, tikinti
işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz
hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın
tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə
aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin
sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış
olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib
yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.

Yol boyu işlərin fiziki tərəqqisi 80% təşkil edir. Tikinti
işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması
planlaşdırılır.

Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni
3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü
polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə
72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil
edəcək.

Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir.
Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın
tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və
körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı
əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də
görülür.

Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil
körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi
suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus
dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası
istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət
zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların
rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol
trassası iri yaşayış məntəqələrindən kənar keçməklə
layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan
əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi
baxımından önəmlidir.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən
tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə,
həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin
inkişafında mühüm rol oynayır.

Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks
istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil
yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili
yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun
tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib
çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına da müsbət
təsir göstərəcək.

Teqlər: