Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır – Professor

Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır – Professor

Rəsmi Bakı Qarabağdakı yenidənqurmanın baş qəhrəmanıdır.

AzerTimes xəbər verir ki, bu fikirlər Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Geopolitica.info” analitik-informasiya portalında dərc olunan məqaləsində yer alıb.

İtaliyalı professor “Azərbaycan: sülh və Qarabağın yenidən qurulması haqqında söhbət” adlı məqaləsində birinci Qarabağ müharibəsində beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazilərin və digər yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın düşdüyü qeyd olunub. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan BMT-nin işğala son qoymağa çağıran, öz suverenliyinin bərpasını və qaçqınların geri qaytarılmasını tələb edən 1993-cü il tarixli dörd qətnaməsini yerinə yetirməyi seçdi. 44 günlük müharibə 1990-cı illərin əvvəlləri ilə müqayisədə qüvvələr balansının Azərbaycanın xeyrinə tamamilə dəyişməsi sayəsində Ermənistanın aşkar məğlubiyyəti ilə başa çatdı.

“2020-ci ildə imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat isə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu. Üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan çox vaxt keçəndən sonra sülh və əməkdaşlıq prosesi necə gedir? Çox iş görülüb, hələ görüləsi çox iş var və aradan qaldırılmalı çoxlu problemlər var. Rəsmi Bakı indiyə qədər bölgədə yenidənqurmanın baş qəhrəmanı olub. Azərbaycan qalib tərəfdir, daha çox maliyyə resurslarına malikdir. Azərbaycanın beynəlxalq cəlbediciliyi şübhəsiz ki, təcrid olunmuş və kasıb Ermənistandan daha böyükdür. İlk növbədə, bölgədə bir çox infrastruktur işləri həyata keçirilib. Rekord müddətdə Azərbaycanın Füzuli şəhəri yaxınlığında regionun ilk beynəlxalq hava limanı tikilib və ən azı daha iki aeroportun inşası davam edir. Füzuli ilə Şuşa şəhəri arasındakı avtomobil yolunun tikintisi də eyni sürətlə başa çatdırılıb. Bu yol 30 illik yoxsulluq və təcriddən əziyyət çəkən bölgədə böyük ticarət və turist axını üçün nəzərdə tutulmuş arteriya rolunu oynayacaq. Bundan başqa, Şuşa şəhəri yenidən qurulur. XVIII əsr qala divarları ilə əhatə olunmuş bu dağlıq şəhər həmişə yazıçılar, rəssamlar və ziyalıların doğulduğu və formalaşdığı yer kimi Azərbaycanın mədəniyyət paytaxtı hesab edilib. Erməni işğalı nəticəsində xarabalığa çevrilmiş Şuşa hazırda infrastruktur, yaşayış, turizm və mədəniyyət sahələrinə böyük sərmayələr qoyularaq yenidən qurulur. Lakin bütün yenidənqurma və birləşdirici layihələr, məsələn, Azərbaycan, Ermənistan və Türkiyə arasında qurulacaq Zəngəzur dəhlizinin inkişafı bölgədə ən böyük təhlükə – piyada əleyhinə minalar zərərsizləşdirilmədən həyata keçirilə bilməz. Azad edilmiş ərazilərin hər qarışı işğal dövründə beynəlxalq konvensiyalarla qadağan edilmiş öldürücü qurğularla örtülüb. Azərbaycan tərəfindən həmin ərazilərdəki minalar hər gün zərərsizləşdirilir. Lakin piyada əleyhinə minaların sayı o qədər çoxdur ki, əməliyyat illərlə davam edə bilər”, – deyə məqalədə bildirilir.

Müəllif yazısında qeyd edir: “Çətinliklərə baxmayaraq, tərəflər arasında sülh prosesi irəliləyir və Avropa İttifaqı bu məsələdə fəal rol oynayır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə artıq bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Danışıqlar masasında çoxlu məsələlər var: dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında nəqliyyat və kommunikasiya yollarının açılması, sülh sazişinin imzalanması. Artıq iki tərəfin müvafiq komissiyalarının üzərində işlədiyi bu məsələlər ölkələr arasında münasibətlərin normallaşmasına və regionun sabitləşməsinə gətirib çıxara bilər. İyul-avqust aylarına qədər Avropa İttifaqının təklif etdiyi formatda iki ölkənin rəhbərinin yenidən görüşü olacaq. Həmin görüşdə sülh danışıqlarının ilkin qiymətləndirilməsi ilə bağlı yekun qiymət verə biləcəyik”.

Teqlər: