Bakı qalibdir, Kreml də bu cür davransa, imtina edəcək

Bakı qalibdir, Kreml də bu cür davransa, imtina edəcək

Azərbaycanın Ermənistanla münasibətləri həll etmək üçün Vaşinqtonda keçiriləcək görüşdə iştirakdan imtina etməsi müəyyən tendensiya formalaşdırdı, çünki Bakı əvvəllər Qranada və Brüsseldə danışıqlardan imtina etmişdi.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov öz məqaləsində yazıb.

Onun fikrincə, Avropa danışıqları xətti ilə gedən Amerika da müəyyən problemlərlə üzləşəcək:

“Bütün bu imtinaların ümumi motivi var. Oktyabrda Azərbaycan Prezidenti Fransanın ermənipərəst yanaşmasından narazılığını bildirdi. Noyabrda rəsmi Bakı nümayəndələri bəyan etdilər ki, ABŞ-ın yanaşması birtərəflidir və bu, ABŞ-ın vasitəçilik rolunu şübhə altına alır.

Hər şey ondan başladı ki, ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Konqresdə keçirilən dinləmələrdə Vaşinqtonun Azərbaycana hərbi yardımı dayandırdığını, həmçinin bir sıra mühüm səfərləri ləğv etdiyini dedi. Dövlət Departamentinin nümayəndəsi ABŞ hakimiyyətinin bu addımını İrəvan və Bakı arasındakı danışıqlarda inkişafın olmaması ilə izah edib. Klassik tərzdə desək, diplomatik cəbhədə heç bir dəyişiklik yoxdur”.

Politoloq xatırladıb ki, Obrayen ölkəsinin Bakıya Ermənistana qarşı sərt addımların qəbuledilməz olduğu barədə xəbərdarlıq etdiyini də bildirib:

“Vaşinqton (Paris kimi) indi bu ideyanı fəal şəkildə erməni tərəfinə təbliğ edir, deyirlər ki, “Dağlıq Qarabağ” (Qarabağ iqtisadi zonası nəzərdə tutulur – red.) başqa şeydir – burada söhbət Azərbaycanın ərazi bütövlüyünün pozulmasından gedir, amma “Ermənistanın nüvəsi” qırmızı xəttdir.

Ermənistan hakimiyyəti bu ritorikanı (ABŞ və Fransa – red.) müsbət qəbul edir. Hətta bunu Moskvadan dəqiq təkliflərin olmamasına qarşı qoyurlar. Halbuki bu gün Ermənistanın təhlükəsizliyinin təminatçsı Rusiyadır. Bu cür təminatın keyfiyyəti müzakirə edilə bilər, ancaq Qərbin bəyanatlardan başqa heç bir real mexanizmi yoxdur”.

O qeyd edib ki, iki Qafqaz dövlətinin xarici işlər nazirlərinin ABŞ paytaxtında sonuncu görüşü 2023-cü il iyunun sonunda baş tutub. Amma həmin görüş Qarabağda “sentyabr müharibəsi”ndən əvvəl baş tutub və iki ay əvvəl kökündən dəyişmiş köhnə reallıqları əks etdirirdi:

“Bu gün isə Bakı özünü qalib hesab edir və özünü xarici oyunçuların iradlarına görə məhdudlaşdırmaq istəmir. Azərbaycanın Qərb vasitəçiliyinə qarşı olduğunu söyləməyə dəyməz. Əgər Moskva da Bakıda erməni tərəfinə güzəşt kimi qəbul edilən bu cür bəyanat versəydi, Bakıdan eynilə Dövlət Departamentinin yüksəkçinli nümayəndəsinə verilən reaksiya səsləndiriləcəkdi”.

Onun sözlərinə görə, Azərbaycan bütün vasitəçilərin onun nizamlanma variantını əsas kimi qəbul etməsində maraqlıdır:

“Əlində bu xətti Bakı çəkir – bütün azimutlarda”.

Teqlər: