Bakı Parisə təsir edə bilər: Le Penlə əlaqə, TDT-dən yardım…

Bakı Parisə təsir edə bilər: Le Penlə əlaqə, TDT-dən yardım…

Fransanın məqsədi bəllidir. Ermənistan üzərindən müharibənin yenidən alovlanmasını təmin etmək və sülhü əngəlləmək yolu ilə Cənubi Qafqaza girmək, söz sahibi olmaq istəyir. Əlbəttə, Azərbaycan dövləti bu müqaviləyə dərhal münasibət bildirdi. Həm Müdafiə Nazirliyinin verdiyi bəyanat, həm də Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlaması Fransanın ikiüzlülüyünü, öz mənfəəti naminə Cənubi Qafqazda müharibə istədiyini bir daha gözlər önünə sərdi.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar Ermənistanın Fransadan “Sezar” haubitsaları almaq üçün müqavilə imzalamasını şərh edərkən deyib.

Akyar Bakının əlində Parisə qarşı təzyiq vasitələrinin olduğunu bildirib:

“Bildiyimiz kimi, Makronun İntibah Partiyası Avropa Parlamentinə seçkilərdə ağır məğlubiyyətə uğradı və hazırda qalib Milli Cəbhə Partiyasının qarşıdakı parlament seçkilərindən sonra Milli Assambleyada yerlərin əksəriyyətini götürəcəyi ehtimalı böyükdür. Fikrimcə, Azərbaycan onlarla əlaqə qura və müqavilənin ləğvinə nail ola bilər. Digər tərəfdən Fransada elektrik enerjisinə olan tələbat əsasən AES-lər vasitəsilə qarşılanır. AES-lərin işləməsi üçün lazım olan yanacaq isə Afrika və Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstandan təmin olunur. Azərbaycan həm ikitərəfli münasibətlərdən istifadə edərək, həm də məsələni TDT gündəminə çıxararaq Fransaya qarşı təzyiq göstərə bilər. Bütün bunlarla yanaşı, Parislə İrəvan bir neçə gün öncə üçüncü ili tamam olan Şuşa Bəyannaməsini unutmamalıdır. Bəyannaməyə görə, Azərbaycanın milli təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı real təhlükə yaranacağı halda Ankara ilə Bakı birlikdə hərəkət edərək bunu ortadan qaldıracaq”.

Alim atılan addımların Fransadakı iqtidarın çıxılmaz vəziyyətdə olduğunu göstərdiyini qeyd edib:

“Əslində baş verənlər Makron hökumətinin dünyanın bir çox yerində, eyni zamanda Cənubi Qafqazda uğradığı geosiyasi məğlubiyyətin, acizliyin göstəricisidir. Azərbaycan Fransanın diriltmək istədiyi keçmiş Minsk Qrupunu birdəfəlik dəfn edib, üstəlik onu bütün dünyanın gözü önündə BMT TŞ-də bir-birinin arxasınca iki dəfə məğlubiyyətə uğradıb və böyük bir casus şəbəkəsini çökdürüb. Ona görə də ən son bu varianta əl atıblar. Ancaq yenə məğlub olacaqlar. Çünki Cənubi Qafqazda heç kim Türkiyə və Azərbaycanın əleyhinə oyun qura və uğur qazana bilməz”.

Teqlər: