Azərbaycanın 19-20 sentyabrda 24 saat ərzində həyata keçirdiyi lokal antiterror tədbiri dünyada çox nadir rast gəlinən əməliyyatdır. Əməliyyat zamanı düşmənin silahlı dəstələrinin bir hissəsi məhv edildi, digər hissəsi isə təslim olmağa məcbur oldu. Eyni zamanda bir sıra xüsusi cinayətkarlar sərhəddən qaçmaq istəyərkən yaxalandı.
Bu sözləri AzerTimes-a separatçı Samvel Babayanın son fəaliyyətləri haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Azərbaycan dövlətinin bütün separatçıların fəaliyyətini dəqiq şəkildə izlədiyini, ehtiyac yarandığı halda ən kəskin addımların atılacağını vurğulayıb:
“Samvel Babayan və Samvel Şahramanyan kimilər isə məcbur olub ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tanıdığı üçün dövlətimiz humanistlik göstərərək onları həbs etmədi. İndi isə bu şəxslərin İrəvanda həddindən artıq aktivləşdiyini, yenidən Qarabağ məsələsini gündəmə gətirməyə, beləliklə öz siyasi ömürlərini uzatmağa çalışdıqlarını görürük. Yəni Babayanın separatçıların başına gətirilməsi və yenidən onların institutlaşdırılması cəhdləri var. Aydın məsələdir ki, belə hərəkətlər Azərbaycanın maraqlarına ziddir və əlbəttə ki, müvafiq dövlət orqanları bütün bu fəaliyyətlərin hamısını izləyir, görür, qeydiyyatını aparır. İkinci ən önəmli məqam Ermənistan dövlətinin separatçılara münasibətidir. Rəsmi İrəvan Qarabağ klanına məxsus bir sıra şəxslərin fəaliyyətini aqressiya ilə qarşılayır. Çünki Paşinyan hökuməti onları Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlmə, çevriliş etmə və vətəndaş müharibəsi yaratma ehtimalına görə təhdid kimi görür. Paşinyan özü isə separatçıların təşkilatlanmasına icazə verilməsinin sülh müqaviləsinin imzalanmasına zərbə vuracağını düşünür. Əgər Ermənistan iqtidarı bunlara göz yumsa, onda onların da separatçılarla birgə hərəkət etdiyi bəlli olacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti humanistlik göstərərək əgər Samvel Babayan kimilərin ifadəsini alıb buraxırsa, onlar da baş verənləri unutmamalı, şanslarını doğru dəyərləndirməlidir. Çünki dövlətimiz separatçıların həm Ermənistanda, həm də ondan kənardakı bütün fəaliyyətlərini diqqətlə izləyir. Babayan bu təxribatçı fəaliyyətinin cəzasız qalacağını düşünürsə, yanılır. Məqamı gəldikdə Bakının ən sərt addımı atacağına heç kim şübhə etməsin”.
Qeyd edək ki, Samvel Babayan son vaxtlar ciddi şəkildə aktivləşib. O, gah Azərbaycanla “danışıqlar aparmağa” məsul olmağı təkid edir, gah da Qarabağa muxtar status verilməyəcəyi halda sülh sazişinin bağlanmayacağını bəyan edir.