Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransında ən çox diqqət çəkən məqamlardan biri onun Azərbaycanın “yeni müharibəyə legitimlik qazandırmağa çalışması” və müharibə hazırlıqları ilə bağlı dedikləri oldu.
Bu sözlərdə sensasiya yoxdur, Nikol Paşinyan da xalqını aldatmır və Azərbaycanla bağlı informasiya manipulyasiyası etmir.
O, yaxşı bilir ki, İkinci Qarabağ savaşı niyə başladı: Paşinyan Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı İlham Əliyevə vəd verdi, Ermənistanda “lift diplomatiyası” kimi tanınan “təsadüfü görüş”ün davamı olaraq erməni baş nazir Azərbaycan liderindən zaman istəmişdi, mövqelərini möhkəmləndirənə qədər gözləməsini xahiş etmişdi, Ermənistandakı siyasi-hərbi-ictimai xaosdan istifadə etməmək üçün yalvarmışdı.
İlham Əliyev bu xahişlərə əməl etdi: Ermənistanda baş verən siyasi toqquşmalardan qətiyyən sui-istifadə edilmədi, nəinki cəbhə, həm də informasiya, təbliğat müstəvisində Paşinyana qarşı kampaniyanın aparılmasına izn verilmədi.
Halbuki Azərbaycanın bundan ötrü tam bir fürsəti vardı – daha doğrusu, Ermənistan hərbi komandanlığı ölkədəki siyasi prosesləri yatırmaq üçün lokal toqquşmaya getməyə hazır idi. 2018-ci il may olayları – Günnüt əməliyyatını misal göstərmək olar. Həmin zaman təxribatın qarşısını alan Azərbaycan Ordusu yüksəkliklərə nəzarəti ələ keçirdikdən sonra əməliyyatı inkişaf etdirməmişdi.
Aradan bir müddət keçdikdən, Ermənistanda siyasi sabitləşmə baş verəndən və yeni hakimiyyət mövqelərini gücləndirəndən sonra isə Nikol Paşinyan vədindən qaçdı, şifahi razılaşmanı pozdu: işğal olunmuş əraziləri qaytarmaq əvəzinə “Yeni müharibə və yeni torpaqlar”, “Qarabağ Ermənistandır” kimi sərsəm şüarlar səsləndirməyə başladı.
İkinci Qarabağ savaşının başlamasının səbəbi həm də Nikol Paşinyanın şifahi razılaşmanı pozması, diplomatiya qaydalarına zidd hərəkət etməsi, “vəziyyətdən çıxmaq üçün yalan danışması”, dövlətlərarası münasibətlərdə küçə xarakterli “aldatdım” düşüncəsi ilə davranması idi.
Eyni vəziyyət və eyni davranış təkrar olunur!
İlham Əliyevin “Bizim sözümüz imzamızdır” ifadəsi təsadüfən ortaya çıxmayıb. Bu, illərdir beynəlxalq və ikitərəfli münasibətlərdə özünü təsdiqləmiş, Azərbaycana etibarlı tərəfdaş imici qazandırmış siyasi iradədir: İlham Əliyev şifahi razılaşmalarda verdiyi sözə mütləq əməl edir və bütün siyasi münasibətlərində də qarşı tərəfdən bunu tələb edir. Əgər kimsə şifahi razılaşmaları pozursa, mütləq cavabını alır – Paşinyan kimi.
10 noyabr 2020-ci il bəyanatı və bu bəyanatda əksini tapmayan bir çox razılaşmaların olduğu haqda Azərbaycandan daha çox, Ermənistanda danışılır: erməni mənbələri özləri etiraf edirlər ki, 10 noyabr 2020-ci il bəyanatında əksini tapan müddəalardan əlavə Putinin zəmanəti ilə Paşinyanın əlavə öhdəlikləri də var.
Bu öhdəliklərdən birini İlham Əliyev bir müddət öncə dilə gətirdi, bildirdi ki, “status” məsələsinin müzakirə edilməyəcəyi ilə bağlı şifahi razılaşma olub.
Ancaq Ermənistan Baş naziri Nikol Paşinyan bu razılaşmanı pozmağa, hətta “dqr”dən danışmağa başlayıb!
Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyini götürməsinə baxmayaraq, hazırda söz oyunu edir, Qarabağın “Azərbaycanın ərazi bütövlüyünə aid olmadığı” kimi sərsəm bəyanatlar verir, Minsk Qrupunu dirçəltməyə çalışır və s.
10 noyabr 2020-ci il bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol bütün parametrləri, təyinləri – rusların hər iki yola nəzarət etməsinə qədər – ilə tam eynihüquqludur. İndi isə Paşinyan deyir ki, Azərbaycan Zəngəzur yoluna Laçın kimi eynihüquqlu dəhliz statusu verilməsini tələb edir və bu, “qəbuledilməzdir”.
Halbuki 10 noyabr 2020-ci il bəyanatında Laçın və Zəngəzur dəhlizləri arasında yalnız “dəhliz” sözünün işlənməsi fərqi var: Laçın haqda işlədilib, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol haqda yox – vəssalam, qalan heç bir fərq yoxdur.
Paşinyan da indi məhz bu sözdən istifadə etməyə çalışır.
Qısacası, Nikol Paşinyan 10 noyabr 2020-ci il bəyanatının müddəaları üzərində manipulyasiya etməklə yanaşı, şifahi razılaşmaları da pozur və bu, getdikcə daha qeyri-diplomatik hal alır – eynilə “Yeni müharibə yeni torpaqlar” şüarı kimi.
Paşinyan bu ritorikasının nəyə gətirib çıxaracağını bilir: onu da bilir ki, cidd-cəhdlə, 2020-ci ildə olduğu kimi, müharibə yetişdirir…