Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bu zaman kəsimində Bakı-Ankara müttəfiqliyinin praktiki nəticələrini üç istiqamətdə dəyərləndirmək mümkündür.
Birincisi, Azərbaycana qarşı xarici təhdidlərə verilən reaksiyalar:
a) Bakı Moskva qarşısında daha güclənmiş formada çıxış edir: istər Rusiyanın Azərbaycana qarşı addımlarına rəsmi səviyyədə etirazların bildirilməsi, istər mümkün təzyiqlər qarşısında sərgilənən mövqe bu fikri önə çıxarır;
b) İranın Gorus-Qafan yolu üzərindən Azərbaycana qarşı təzyiqləri fonunda Bakının haqlı mövqeyindən geri çəkilməməsi və Tehranın Bakı ilə hesablaşmağa məcbur olmasında Ankara ilə müttəfiqlik münasibətlərinin rəsmiləşməsinin əhəmiyyəti istisna edilməməlidir;
c) Qərbdən Bakıya qarşı təzyiq dalğasının zəiflədiyi müşahidə olunur: burada geosiyasi proseslərin dəyişməsi fonunda bölgədə postmünaqişə reallığının qəbul edilməsi ilə yanaşı, Türkiyənin Cənubi Qafqazda Azərbaycandan yana tərəf olmasının da rolu böyükdür;
İkincisi, Qarabağda Azərbaycanın xeyrinə dəyişən güc balansı və praktiki addımlar:
– Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icrası tələbini ən yüksək səviyyədə irəli sürməyə başladı və bunun Şuşa Bəyannaməsinin ratifikasiyasından (12 fevral 2022-ci il) sonra dilə gətirilməsi təsadüfi deyildi;
– Erməni separatçılarının qalıqlarına qarşı “məcburetmə fəaliyyəti” aktivləşdirildi, buna paralel olaraq, “ya Azərbaycan vətəndaşlığını qəbul etməsi, ya bölgəni tərk etməsi” məsələsi Qarabağdakı erməni əhalisinin birbaşa özünə elan edildi: mart ayından etibarən Xankəndidə eşidilən azan səsi, ardınca erməni terrorçularının geri çəkilməyə məcbur edilməsi və Fərrux əməliyyatı; bu prosesdə Ukrayna müharibəsi ilə dəyişən geosiyasi amillər, Bakının Moskva ilə imzaladığı “müttəfiqlik bəyannaməsi” şərtlərin yetişməsində rol oynasa da, təməlində Şuşa Bəyannaməsinin rəsmiləşməsi dayanır;
Qarabağda nəticələr maksimal olmasa da, Azərbaycanın addım-addım irəlilədiyi məlumdur.
Üçüncüsü, xarici siyasətin koordinasiya edilməsi;
– Ukrayna müharibəsinin başlanmasından sonra tərəflərin ən real danışıqlar platforması İstanbul oldu və yenə eyni platforma mümkün dialoq mərkəzi olaraq qalır: bu, Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin nəticəsidir;
– Bakı və Ankara Ukrayna müharibəsi ilə dəyişən geosiyasi şərtlərdə milli maraqları uzlaşdıran fəaliyyət izləyir;
– İki ölkə türk dünyasının dərin inteqrasiyasına da liderlik edir;
Bütün bunların fonunda Türkiyə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki ölkənin sərhədinin delimitasiyası prosesində də de-fakto iştirakçılardandır.