Metropolitenin gücləndirilmiş iş rejiminə dəyişikliklər ediləcək
və zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə
çıxarılacaq
Trend “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, Novruz
bayramının qeyd edildiyi günlərdə Bakı metropoliteninin
gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək. Mart
ayının 19-dan 22-dək şəhər mərkəzinə, bayram gəzintisi məkanları və
müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda
əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə
tutulub.
Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində
qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu
məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar
saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.
“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram
günlərinin xoş ovqat şəraitində keçirilməsi və fəsadların
yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir.
Unutmayaq ki, hər bir sərnişinin mənzil başına rahat və təhlükəsiz
çatdırılması metropolitendən istifadə qaydalarına, ictimai asayişin
və metodiki göstərişlərin müvafiq tələblərinə, sanitar-gigiyenik
normalara ciddi riayət edilməsindən asılıdır.
Onu da əlavə edək ki, mart ayının 19-20-də metropolitenin
“İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr
edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün
ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının
19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar
nümayiş etdiriləcək.