Bakı metrosunun aldığı daha bir yeni nəsil qatar əsaslı təmirə dayandı (FOTO)

Xəbər - Samir Əli – Trend:

2015-ci ildən Bakı metropolitenində istismarda olan 81-760Б/761Б/763Б tipli yeni nəsil vaqonlarından ibarət daha bir qatar tərkibində ilk planlı qaldırma təmirinə başlanılıb.

Bu barədə AzerTimes-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ümumən metro qatarlarının texniki xidmət və təmirinin həcmi qət olunan məsafələrə görə müəyyən edilir və qatarların texniki vəziyyətindən asılı olmayaraq məcburi qaydada təmin edilməlidir. 2015-ci ildə gətirilmiş vaqonlar qaldırma təmirinə 560 000 km-ə yaxın məsafə qət etdikdən sonra dayandırılmalıdır və məhz bu, istehsalçının müəyyən etdiyi texniki-istismar şərtidir. Sərnişin təhlükəsizliyi, eləcə də qatarların saz vəziyyətdə saxlanması baxımından metropolitendə bu tələblərə istisnasız əməl olunmalıdır.

Qaldırma təmirinə daxil olan vacib texniki şərtləri də sadalamaq lazımdır. Təmirçilər texnoloji proseslərə uyğun olaraq, dartı mühərriklərinin, güc inventorlarının, elektrik və elektron avadanlıqlarının, pnevmatik və mexaniki qovşaqların, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemlərinin elementlərini təftiş edir, xidmət göstərir və sınaqlarını keçirirlər.

6 ildir metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarında ilk belə təmir işini 2020-ci ildə tədarükçü təşkilat olan Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Metrovaqonmaş-Servis” yerinə yetirib. 2021-ci ilin ilk rübündə isə daha bir qatar tərkibini bu dəfə “Bakı Metropoliteni” QSC-nin təmirçiləri həyata keçiriblər.

Yeni tipli vaqonların təmiri tamamilə fərqli texnoloji proseslər üzərində qurulduğundan kadrların hazırlığına 2018-ci ildə başlanılıb. Rusiyada, sonrakı il Bakıda müvafiq təlim-tədris prosesi təşkil edilib. 2020-ci ildə bu seriyadan olan ilk qatarın təmiri isə həlledici təcrübə mübadiləsi olmuşdur. Bakı metropoliteninin mütəxəssisləri “COVID-19” pandemiyası səbəbilə 2020-ci ilin yayında gətirilmiş 20 yeni vaqonun sazlama işlərini və sınaqlarını aparıblar.

Cari ilin fevral-mart aylarında Bakı metropoliteninin mütəxəssisləri bu tip vaqonlarda qaldırma təmirini müstəqil şəkildə uğurla yerinə yetiriblər. Hazırda həmin seriyadan olan sonuncu qatarın təmirinin də uğurla tamamlanacağı şübhə doğurmur.

Kadr hazırlığı ilə yanaşı, 81-760 tipli vaqonların qaldırma təmirinin yüksək keyfiyyətlə aparılmasını təmin etmək üçün depoda müvafiq şərait də yaradılıb. Yeni tipli vaqonların əvvəlki nəsil qatarlardan əsaslı fərqi nəzərə alınaraq, təmir üçün “Nərimanov” elektrik deposunun qaldırma sahəsində yeni avadanlıqlar və stendlər quraşdırılıb.

Bu xüsusda pnevmatik qovşaqlar xüsusi qeyd oluna bilər. Hidravlik amortizatorlar, pnevmatik qovşaqlar sexdə quraşdırılmış müasir stendlərdə sınaqdan çıxarılır. Onlar normalara uyğun olduqda vaqonun üzərinə quraşdırılır.

Mexaniki qovşaqlara gəlincə, arabacıqların defektoskopiya üsulu ilə yoxlanması üçün depoda xüsusi çevirici qurğunun quraşdırılmasını qeyd etmək olar. Bu qurğuda arabacıqlar 360 dərəcə fırladılaraq defektoskopik müayinə edilir. Qovşaqlar yığıldıqdan sonra növbəti qurğuda – xüsusi kompleks sınaq stendində yoxlanılır. Dartı mühərriklərinin, dartı reduktorlarının, dişli muftaların, təkər cütlərinin buks qovşaqlarının normal iş rejiminin yoxlanılması, qovşaqların qızma hədlərinə nəzarət də bu sınaqların mühüm tərkib hissəsidir.

Bir sözlə, “Bakı Metropoliteni” QSC-də yeni nəsil qatarların təmiri üçün ən yüksək standartlar və texniki şərait tətbiq edilir. Bunun sayəsində təmirin ardıcıllığı, müvafiq əmək şəraiti optimal səviyyədə qurulub.

Bununla metropolitendə texniki yeniliklərin təmir zamanı hətta yeni qatarlarda belə aparılması üçün zəruri şərait vardır. Mühüm məsələlərdən biri də gələcəkdə elmi-praktiki potensialın inkişafına, işçi heyətinin peşəkarlığına, yeni kadrların hazırlığına zəmin yaradılmasıdır.

Teqlər: