Bakı metrosunda yüklərin yığılması üçün xüsusi ərazi yaradılıb

“Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun
ərazisinə daxil olan materialların, avadanlıqların qəbulu, eləcə də
gecə növbəsində tunellərdən istehsalat və məişət tullantılarının
çıxarılması və yerləşdirilməsi üçün yeni infrastruktur sahəsi
yaradılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a
bildirib ki, yenicə istifadəsinə başlanan infrastruktur artıq özünü
tam doğruldub:

“Yük həyəti adlandırılan sahə deponun simasını daha da
müasirləşdirməklə yeni funksional imkanlar yaradıb. Bununla yeni
keyfiyyət, işin icra ardıcıllığı, sanitar-gigiyenik, təhlükəsizlik
texnikası normalarının tətbiqinə, ən əsası, avtomatlaşdırılmış və
əl əməyinin azaldılması kimi yenilikləri də gətirib”.

Onun sözlərinə görə, “Nərimanov” elektrik deposunun fəaliyyət
göstərdiyi onilliklər ərzində belə bir sahə olmadığından qeyd
edilən işlər pərakəndə şəkildə yerinə yetirilirdi. Hər gün tuneldən
təsərrüfat qatarları ilə çıxarılan tullantılar Avtomotonəqliyyat
kolonunun avtomobil parkına yaxın yolun kənarına boşaldılırdı.
Burada qalaqlanan zibil və tullantılar isə deponun estetik
görkəminə də mənfi təsir göstərirdi. Eyni zamanda depoya daxil olan
məhsullar, xüsusən də inşaat materialları açıq sahədə pərakəndə və
qarışıq vəziyyətdə toplanmaqla eyni mənzərəni yaradırdı:

“Yük həyəti bu problemləri tam aradan qaldırıb. Artıq tunelə
daşınacaq müxtəlif materiallar, o cümlədən qum, çınqıl, qırmadaş
bir-biri ilə çəpərlənmiş ayrı-ayrı sahələrdə toplanmaqla
badyalardan birbaşa təsərrüfat qatarlarına yüklənir. Bu da tikinti
materiallarının itkisinin qarşısını alıb. Həmçinin yükləmə-boşaltma
işlərinin rahat və sürətlə aparılmasına imkan verib.

Yük həyətinin Keşlə dəmir yolu stansiyasına çıxış xəttinin
yaxınlığında salınması isə dəmir yolu ilə metroya gətirilən
avadanlığın əlverişlı şəkildə qəbul olunub yerləşdirilməsinə,
ünvanına daha münasib şəkildə çatdırılmasına şərait yaradıb.

Yük həyətinin 7 nəfərdən ibarət işçi briqadası gün ərzində
tuneldən çıxan zibilləri maşınlara yükləyib, depodan xaric edir.
Sahədə əl əməyinin minimuma endirilməsi üçün hər bir şərait
yaradılıb. Ağır yüklər telferlərlə, xüsusi qaldırıcı maşın və
mexanizmlərlə qaldırılır, yüklənir və yerləşdirilir.

Yük həyəti salınarkən, işçi heyətinin məişət qayğıları da əsas
götürülüb. Burada tikilmiş ikimərtəbəli binanın birinci mərtəbəsi
məhz bu məqsədlər üçün ayrılıb. Binanın ikinci mərtəbəsi isə
ərazinin mühafizəsi üzrə sahənin əməkdaşları üçün nəzərdə
tutulub.

Bundan savayı, onu da qeyd etmək lazımdır ki, deponun avtomobil
parkı və qarajında da təmir-bərpa işləri aparılıb. Burada
avtomobillərin yağıntının təsirlərindən mühafizəsi üçün çətir
örtüklü dayanacaq və gecələmə sahəsi də qurulub. Təmir qarajının
boksları, ikimərtəbəli binası da əsaslı təmir olunaraq, müvafiq iş,
məişət şəraiti də yaradılıb. Sahədə işçilərin asudə vaxtını
səmərəli keçirməsi üçün tennis masası da qoyulub. Ərazidə avtoyuma
sahəsi də qurulub. Ərazinin asfalt örtüyü yenilənib”, – B.Məmmədov
qeyd edib.

Teqlər: