Bakı metrosunda yeni stansiyanın tikintisinin son vəziyyəti açıqlanıb

Bakı metropolitenində “Bənövşəyi xətt”in növbəti dördüncü
stansiyasının tikintisi üzrə 2021-ci ilin yayında başlanan işlər
hazırda nəzərdə tutulan plan üzrə davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı
metropoliteninin Tikinti departamentinin rəisi Məzahir Nəbiyev
deyib.

O bildirib ki, şərti adı “B-04” kimi qeyd edilən “Bənövşəyi
xətt”in 4-cü yeraltı stansiyası Heydər Əliyev adına İdman-Konsert
Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə,
Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

“Bənövşəyi xəttin tikintisində “Memar Əcəmi” və “8 Noyabr”
stansiyaları kimi, burada da “Qruntda divar” üsulu tətbiq edilir.
Ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətləri
nəzərə alınmaqla seçilən, başqa sözlə məhdud məkanda inşaatın
effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verən bu
üsulun əsas üstünlükləri konstruksiyaların etibarlılığı,
sukeçirməzlik qabiliyyətinin yüksəkliyi, prosesin torpaqda dinamik
titrəyişlər törətməməsi və maksimal səssiz-küysüz aparılmasındadır.
Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması
üçün qurğulara ehtiyac yoxdur. Bütün bunlar Bakının hidrogeoloji
şəraitində yeraltı inşaat və daha sonra istismar üçün əsas
üstünlüklərdir.

Tikinti işləri qarşı-qarşıya dərin və ensiz xəndəklərin
qazılmasından başlanır. Xəndək divarları bentonit məhlulu ilə emal
olunmaqla möhkəmlənir, uçqun təhlükəsi aradan qaldırılır. Sonradan
bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları
yerləşdirilir və xəndəklər beton məhlulu ilə doldurulur. İki divar
arasında qalan sahədə qruntçıxarma işləri başlanır ki, bu da
əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa
gəlir”, – departament rəhbəri bildirib.

O qeyd edib ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170,
dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla
dörd səviyyədə nəzərdə tutulub:

“Ən üst qatda – birinci səviyyədə kassa zalı və vestibül
yerləşəcək. Sərnişinlər stansiyaya dörd giriş vasitəsi ilə qəbul
olunacaq. Burada döşəmənin betonlanma işləri başa çatdırılıb.
Gələcəkdə zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş
pilləkəni və onun hər iki tərəfində eskalatorlar quraşdıralacaq.
Bir tərəfdə bir, digər tərəfdə iki eskalator üçün özül yeri
ayrılıb.

İkinci səviyyə keçid funksiyalı olacaq. Buradan platforma və
gözləmə zalı səviyyəsinə qədər inşaat işi aparılacaq. Bu səviyyə
vasitəsilə həm də Konseptual inkişaf sxeminə uyğun olaraq,
gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə
Bibiheybəti birləşdirəcək Sarı xəttin “S-06” stansiyasına keçmək
mümkün olacaq. İnşaat zamanı bu xüsusiyyətlər və digər xəttin
stansiyasına keçid yerinin əvvəlcədən hazırlanması da nəzərdə
tutulub.

Qeyd edək ki, hər səviyyənin inşası zamanı, əvvəlcə səviyyədən
səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq, torpaq qatı
çıxarılır. Daha sonra səviyyənin döşəməsi hamarlanır. Dəmir-beton
konstruksiya qurularaq betonlanma işi aparılır. Bu qayda ilə üç
zonaya bölünmüş ikinci səviyyənin üçdə iki hissəsi artıq
betonlanıb. İşlər yekunlaşdıqdan sonra müvafiq hazırlıq tədbirləri
görülərək, növbəti səviyyəyə enmək üçün qazıntıya başlanılacaq.
Buradan aşağı, platforma səviyyəsinə pilləkən və eskalatorlarla
enmək mümkün olacaq. Hərəkət məhdudiyyətli sərnişinlər Bənövşəyi
xəttin əvvəlki stansiyalarında olduğu kimi, liftlərdən istifadə edə
biləcəklər. Platformanın uzunluğu xəttin bütün stansiyalarında 144
m olmaqla 7 qatar üçün nəzərdə tutulub”.

Teqlər: