Bakı metrosunda təxribat törədən fransalıya hökm oxundu

Bakı metrosunda təxribat törədən fransalıya hökm oxundu

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzerTimes APA-ya istinadla xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Məlumata görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriilən prosesdə hökm oxunub. Hökmə əsasən, Klerk Teqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.

Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Teqlər: