Bakı metrosunda qatarların hərəkət qrafikinə dəyişikliklər
edilib.
“Bakı Metropoliteni” QSC-dən AzerTimes-a bildirilib ki, Nazirlər
Kabineti yanında Operativ Qərargahının mərhələli qərarları ilə
pandemiya şəraitində həyata keçirilən bir sıra yumşalmalarla
əlaqədar Bakı Metropolitenində sərnişin sayı və axınında da müvafiq
artım və dəyişikliklər baş verir.
Verilmiş qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC
fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış
qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla
aparır. Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və
istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların
yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq
olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas
tərkib hissələrindəndir.
Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə
uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq
saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının
müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə
müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında
saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s.
araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar
xəttə buraxılır.
Ümumən, aprel ayı ərzində Bakı metropoliteni güzəştli və
ödənişli olmaqla 17 milyon 894 min 748 sərnişin daşıyıb. Bu, orta
statistik hesablama ilə gün ərzində 596 min 492 sərnişin
deməkdir.
Ümumən mart və aprel aylarının iş günləri ərzində metropoliten
orta hesabla gündəlik 600 mindən artıq sərnişin daşıyıb. İstirahət
günlərində isə şənbə, bazar və bayram günlərinin xüsusiyyətlərindən
asılı olaraq, bu rəqəm əsasən 300-500 min civarında dəyişir.
Ümumilikdə, metropoliten gün ərzində orta hesabla yanvar ayında
480 min 8, fevral ayında 517 min 32, mart ayında 525 min 112
sərnişin daşıyıb.