Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb. Vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə “Bakı Metropoliteni” QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.
Məlumdur ki, 2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə bu müəssisə arasında üçillik müqavilə imzalanaraq, 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün hər il texnoloji innovasiyalar baxımından ən müasir 20 vaqonun istehsalı nəzərdə tutulub. Müqavilənin imzalanması zamanı istehsalçı müəssisədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhə açılıb və ağacəkmə kampaniyası keçirilib. Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, təkcə iki müəssisə arasındakı sıx əlaqələrə ehtiramın əlaməti deyildi. “Metrovaqonmaş” müəssisəsinin sələfi olan Mıtişşi Vaqon İstehsalı Zavodunun ən qabaqcıl müəssisələrdən biri kimi inkişaf etməsi və qabaqcıl müəssisələrdən birinə çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışan Ulu öndərin qətiyyəti sayəsində zavodun inşa olunan daha bir sexi müəssisənin istehsal potensialını elə bir səviyyəyə çatdırıb ki, bu cəsarətli addım gələcək uğurların təməlini qoyub.
Bakı metropoliteni üçün istehsal edilən vaqonların 2021-ci ilə nəzərdə tutulmuş qatarları Azərbaycana yola salınmazdan əvvəl Bakı metropoliteninin və “Metrovaqonmaş”ın nümayəndələri müəssisədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirən lövhənin önünə gül çələngi qoyub, müəssisənin həyətində 2019-cu ildə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə salınmış parkdakı ağacları suvarıblar.
Daha sonra müvafiq texniki prosedur qaydalarna uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.
Paytaxta gətiriləcək 4 qatar tərkibi “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.