“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat etdi – FOTO

“Bakı Metropoliteni” QSC-nin veteranlarından biri, 1979-1987-ci illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev bu gün 82 yaşında vəfat edib.

Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” QSC məlumat verilib.

İqor Abbasoviç Xankişiyev 11 il ərzində Bakı metropoliteninə rəhbərlik edib.

Xatırladaq ki, İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib.

1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr etmiş İqor Xankişiyev metro istismarı və inşaatında şərəfli əmək yolu keçib.

Metropolitenə rəhbərlik etdiyi 11 il ərzində Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatı SSRİ metropolitenləri arasında keçirilən sosializm yarışlarında dəfələrlə fərqlənərək, SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsinin keçici Qırmızı bayraqlarına layiq görülüb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin tikinti departamentinin rəisi vəzifəsində çalışıb.

İqor Xankişiyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilərək ona əməkdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilib, ölkə başçısının 6 noyabr 2017-ci il tarixli Sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülüb. İqor Abbasoviç Xankişiyev həmçinin, “Fəxri dəmiryolçu” döş nişanı ilə də təltif edilib.

www.yenicag.az