Bakı Metropoliteni platforma növbətçilərinin təlimlərinə başladı (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Bakı Metropoliteni” QSC-nin 2020-ci ilin avqust-sentyabr aylarında sərnişin platforması növbətçisi peşəsi üzrə verilmiş elana müvafiq olaraq seçim əsasında 3-cü qrupun hazırlıq kursu başlanıb.

Qurumdan AzerTimes-a verilən məlumatda bildirilir ki, stansiyaların platforma növbətçiləri, qatar maşinistləri ilə yanaşı, ictimaiyyət arasında metropolitenin ən çox məşhur olan peşələrindəndir. Platforma növbətçiləri hərəkətin nizamlanmasında mühüm rol oynayırlar.

Məlumdur ki, ölkəmizdə “COVID-19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Bu səbəbdən kurslarda tədris prosesi infeksiyanın yayılmasına qarşı profilaktiki tədbirlərə və karantin rejiminin şərtlərinə, habelə müvafiq metodiki göstərişlərə uyğun təşkil edilir.

Ölkədə elan edilmiş hərbi vəziyyət və xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbilə üçüncü kursun məşğələləri yalnız müvafiq məhdudiyyətlər ləğv edildiyi dövrdə başlanılıb.

Seçim proseslərindən kifayət qədər vaxt keçdiyindən üçüncü qrupun formalaşdırılması məqsədilə ilk imtahan mərhələsində nəticələri məqbul olmuş 31 nəfər yalnız bir sıra məhdudiyyətlərin ləğvi dövründə yekun müsahibə mərhələsinə cəlb edilib. 12 nəfər sonuncu imtahan mərhələsində qənaətbəxş nəticə ilə kursa qatılmaq hüququ əldə edib. Bundan əlavə olaraq, ikinci qrupdan 6 müdavim də zəfərlə başa çatan 44-günlük Vətən müharibəsi dövründə səfərbərliyə cəlb olunduğundan, onlar da formalaşdırılmış üçüncü qrupa daxil ediliblər. Lakin Vətən müharibəsi iştirakçılarından 3-ü, bundan savayı, imtahanları uğurla keçmiş daha 4 nəfər kursdan imtina edib. Beləliklə, platforma növbətçisi üzrə kurslarda 11 nəfər iştirak edir.

Teqlər: