Bakı mənim üçün ikinci ev kimidir – Niderlandlı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakı mənim üçün ikinci ev kimidir. Mən 2018-ci ildə burada Avropa çempionatında bürünc medal qazanmışam.

Bunu Trend-ə niderlandlı gimnast, Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının iştirakçısı Lük Svinkels deyib.

“Dünya çempionatının təşkili çox yaxşıdır. Uyğunlaşmaq üçün vaxt, yerləşmə, nəqliyyat nəzərə alınıb. Hər şey idmançıların rahatlığı üçün edilib. Milli Gimnastika Arenası çox gözəldir, mənim burada çıxış etməkdən xoşum gəlir. 2018-ci ildə mən Bakıdan Avropa çempionatının bürünc medalı ilə qayıtmışdım. Mən həmin mükafatı batut üzərində sinxron hərəkətlərdə qazanmışdım”, – deyə niderlandlı gimnast bildirib.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: