Bakı Limanının yaşıl limana keçidi istiqamətində imkanları genişləndirilir

Bakı Limanı və Avropa İttifaqının birgə layihəsi yaşıl və ağıllı
liman kompleksi yaratmaqla davamlı inkişaf məqsədlərinə və regionda
inklüziv iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır.

AzerTimes-ın məlumatına görə,
Avropa İttifaqının Bakı Limanı ilə birgə həyata keçirdiyi “Bakı
Limanının potensialının gücləndirilməsinə dəstək” layihəsi 2016-cı
ilin noyabrından etibarən həyata keçirilir və cari ildə 2020-ci
ildən icra olunan layhənin ikinci fazası da artıq uğurla başa
çatmışdır.

Bu məqsədlə 10 mart 2022-ci il tarixdə “Hyatt Regency Baku”
otelində Bakı Limanın, Avropa İttifaqının, dövlət və beynəlxalq
təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə “Yaşıl
Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda qeyd
olunan layihənin bağlanış mərasimi təşkil olunmuşdur.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı
Limanı) Baş direktoru Taleh Ziyadov və Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin Birinci konsulu, Əməkdaşlıq üzrə
rəhbəri Viktor Bojkov açılış nitqi ilə çıxış edərək layihənin
strateji məqsədləri və gələcək perspektivlər haqqında iştirakçıları
məlumatlandırıblar.

Layihənin əsas məqsədi 2020-2022-ci illər üzrə Bakı Limanın
strateji planı və Yaşıl Liman konsepsiyasının həyata keçirilməsində
Limanın imkanlarının genişləndirmək olub.

Layihə çərçivəsində həmçinin, yeni beynəlxalq sertifikatların
əldə olunması, biznes proseslərinin optimallaşdırılması üçün liman
əməliyyatlarının, o cümlədən insan resursları sisteminin
rəqəmsallaşdırılması, ticarət və investisiya fəaliyyətlərinin
gücləndirilməsi, xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə
sisteminin inkişafı və Orta Dəhliz boyunca bütün təchizat zəncirini
birləşdirmək üçün rəqəmsal platformanın genişləndirilməsi
istiqamətində mühüm işlər aparılıb.

Eyni zamanda, layihənin nəticəsi olaraq Bakı Limanı yenidən ISO
14001:2015 sertifikatı əldə etmişdir. Bu sertifikat ətraf mühitin
mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin
mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların
qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin
aparılmasını özündə ehtiva edir. Bununla yanaşı, Bakı Limanı
regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları
Təşkilatının (European Sea Ports Organization – ESPO) “EcoPorts”
sertifikatına layiq görülüb və ötən il layihə çərçivəsində bu
resertifikasiyadan da Bakı Limanı uğurla keçib. Beləliklə,
Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24
ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl
Liman” statusuna layiq görülüb.

Layihənin bağlanış mərasimində həmçinin Bakı Limanının Təlim
Mərkəzi və Barselona Limanının Təlim Mərkəzi arasında Anlaşma
memorandumu imzalandı. Məqsəd Bakı Limanının Təlim Mərkəzinin
regional port və logistika üzrə təlim mərkəzinə çevrilməsi
istiqamətində institusional inkişaf strategiyasının həyata
keçirilməsidir. Hər iki limanın təlim mərkəzi birgə sinergiya
yaradaraq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına
uyğun kadr potensialının yaradılmasına mühüm töhfə verəcəkdir.

Teqlər: