Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.

Təşkilatdan AzerTimes-a verilən məlumata görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.

Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.

Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.

Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.

Teqlər: