Bakı Kitab Mərkəzində “Xayku Xəzərin dalğalarında” respublika müsabiqəsinə yekun vurulub (FOTO)

Oktyabrın 22-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin “Luç” Mədəniyyət Xadimləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Xayku Xəzərin dalğalarında” IV respublika müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Xayku (Xokku) – XIV əsrdən bəri tanınan üç misralı yapon şeir janrıdır. Onlar fəlsəfi məna daşıyır və bir çox cəhətdən müəllifin mənəvi dünyasını, şəxsiyyətini əks etdirirlər. Xayku yazan şairlər xaydzin adlanırlar.

Xayku yalnız XX əsrin əvvəllərində başqa dillərə tərcümə edilməyə başlayıb və bütün dünyada böyük populyarlıq qazanıb. Oxşar müsabiqələr bir çox ölkələrdə, son zamanlar isə Azərbaycanda keçirilir.

AzerTimes-in məlumatına görə, tədbirdə çıxış edən professor Tofiq Məlikli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Marat Şəfiyev, yapon mədəniyyəti üzrə rusiyalı mütəxəssis Anna Yeqorova, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin, Yaponiya Səfirliyinin ölkəmizdəki mədəniyyət attaşesi Ono Taici, gələn il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına diqqət çəkib, xalqlarımızın yaxınlaşması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər. Müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi müsabiqənin beynəlmiləlliyi qeyd edilib.

Sonda müsabiqənin qalibi Natəvan Məcidovaya Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın imzası ilə diplom və xatirə hədiyyəsi təqdim olunub.

Teqlər: