Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)

Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı və rəssamı Çarli Makizin “Oğlan, köstəbək, tülkü və at” kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib. Nəşr Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

AzerTimes-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın ərsəyə gəlməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edərək bildirib ki, nəşr xeyirxahlıqdan, sevgidən, dostluqdan, əbədi dəyərlərdən – hamımızı birləşdirən və əlaqələndirən dəyərlərdən bəhs edir. “Kitabın ilk baxışdan uşaqlar üçün yazıldığı görünsə də, amma əslində uşaqlar üçün deyil, hamımız üçündür. Söhbət əbədi dəyərlərdən gedir”.

Sonra kitabın müəllifi Çarli Makizin qonaqlara ünvanladığı videomüraciət nümayiş edilib. O, müraciətində kitabın Azərbaycan dilinə tərcümə edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.


Mərasimdə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatr studiyasının aktyorları kitabdan səhnəciklər göstəriblər.

Qeyd edək ki, Çarli Makizinin “Oğlan, köstəbək, tülkü və at” kitabı bu günə qədər İngiltərədə bestseller olaraq qalır. Kitab balaca oğlan və onun üç dostu – köstəbək, tülkü və atdan bəhs edir. Hekayə boyu oğlan dostlarına müxtəlif suallar verir və onlardan həmin suallara çox məntiqli, sadə və dərin cavablar alır. Dörd dost arasında olan münasibətlər oxuculara inam, dostluq, xeyirxahlıq, cəsarət, sevgi, dürüstlük, mehribanlıq, mərhəmət kimi anlayışlardan bəhs edir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdakı bütün rəsmlər Çarli Makizi tərəfindən çəkilib.

Teqlər: