Azərbaycanın Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmasında məqsəd erməni tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində azərbaycanlıların qətlə yetirilməsinə və əlil olmasına son qoymaqdır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
“Azərbaycan bu gün yalnız bir məqsədlə məhkəməyə müraciət edib: 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın yerləşdirdiyi partlayıcı qurğuların partlaması nəticəsində etnik və milli mənsubiyyətinə görə azərbaycanlıların davamlı şəkildə qətlə yetirilməsinə və əlil olmasına son qoymaq”, – E.Məmmədov bildirib.
Onun sözlərinə görə, cəmi 1 il əvvəl Ermənistan məhkəmədə Azərbaycan Respublikasının ərazisində yerüstü minalar yerləşdirmədiyini iddia etsə də, bütün bunlar yalandır:
“Azərbaycan Ermənistan tərəfindən yerüstü minaların və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı yeni faktlar aşkar edib”.
Nazir müavini qeyd edib ki, 2021-ci il dekabrın 7-də əvvəlki məhkəmə qərarının elan edilməsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Azərbaycan ərazisində yerləşdirilmiş 2700-dən çox yeni mina aşkar edilib ki, bunların 1800-dən çoxu Ermənistan-Azərbaycan sərhədindən uzaqda yerləşən mülki yaşayış məntəqələrinin yaxınlığında tapılıb.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə ikigünlük dinləmələr keçirilib. Həmin il dekabrın 7-də isə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda fəaliyyət göstərən fiziki şəxslər və təşkilatlar tərəfindən azərbaycanlılara qarşı irqi nifrət təbliğatının qadağan edilməsi üzrə müvəqqəti tədbirlər görülməsi ilə bağlı Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə həmçinin Ermənistanda azərbaycanlılara qarşı etnik zəmində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi ilə bağlı qərar qəbul edib.