Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb.
AzerTimes xəbər verir ki, bunu 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransında Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib.
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda Azərbaycanı təmsil ediən Ç.Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.
Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub.