Bu kontekstdə AB-nin mütləq kiminsə tərəfində olması lazım deyil. Biz, xüsusən də Prezident Mişel öz dostluq xidmətlərimizi təklif etdik.
AzerTimes xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsilə bağlı sualını cavablandırarkən deyib.
“Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığın olmasıdır. Müqavilənin sonda harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir. Prezident Əliyevin Qranadaya gəlməmək qərarına gəlincə, məyus olduq, düşünürdük ki, bu, güclü siqnallar göndərmək üçün əla fürsət və çox vacib forumdur. Prezident Mişel hələ də hazırdır və mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir. Tarixlər, əlbəttə ki, vacibdir. Amma ən əsası irəli getməkdir və münasibətlərin real həllinə doğru irəliləyişə təkan verməyə çalışaraq diqqətimizi məhz buna yönəldirik”, – Klaar bildirib.