Cənubi Qafqazda yeni hərbi əməliyyatların başlanması təhlükəsi olduqca realdır. Eskalasiyanın yeni mərhələsi üçüncü ölkələrin müdaxiləsinə səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu “Nezavisimaya”da dərc olunan məqaləsində rusiyalı politoloq Andrey Kortunov deyib.
O, 2023-cü ildə beynəlxalq sistem üçün ciddi nəticələri olacaq 15 problemi sadalayıb. 5-ci yerdə Cənubi Qafqazda yeni eskalasiyanın mümkünlüyü göstərilir.
Kortunov bildirib ki, 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişin imzalanması, eləcə də Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılar münaqişənin dondurulmasına imkan versə də, hələlik onun yekun həllinə gətirib çıxarmayıb:
“Bu gün həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Cənubi Qafqazda hərbi əməliyyatların yenidən alovlanması təhlükəsi daha real görünür, xüsusən də il ərzində Bakı-İrəvan münasibətlərində irəliləyiş əldə olunmasa. Daha bir eskalasiya raundu Rusiya və KTMT üçün ciddi mənfi nəticələrə səbəb ola, eyni zamanda üçüncü ölkələrin münaqişəyə müdaxiləsinə gətirib çıxara bilər”.
Digər qlobal risklər arasında Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi, Tayvanla bağlı Amerika-Çin toqquşması, BMT Təhlükəsizlik Şurasının iflic vəziyyətinə düşməsi, START üzrə Rusiya-Amerika danışıqlarının pozulması, İranda qeyri-sabitlik və Fars körfəzindəki toqquşmalar sadalanır.