“Atlas” Araşdırmalar Mərkəzi millət vəkilləri, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
Məlumata görə, sorğu beş sualdan ibarət olub. “Rusiya-Ukrayna müharibəsi necə bitəcək?” sualına iştirakçıların 45,3%-i “Rusiya Krım və Şərqi Ukraynanı nəzarətində saxlayacaq”, 40,1%-i “Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacaq”, 10,6%-i isə “Ukrayna ərazi bütövlüyünü təmin edəcək” cavabını verib.
Ümumilikdə sorğuya qatılanların 4%-i sualları “Nə Rusiya, nə də Ukrayna məqsədinə çatacaq”, “Ukraynanın mövcudluğu sual altındadır”, “Hər iki tərəf ciddi güzəştlərə gedəcək”, “Müharibə uzun müddət bitməcəyəcək, ancaq döyüşlər səngiyəcək” deyə cavablandırıb.
“Yaxın Şərqdə gərginliyin azalması üçün birinci hansı addım atılmalıdır” sualına iştirakçıların 59 faizi “İsrail Fələstinin müstəqilliyini tanımalıdır”, 28,5 faizi “Fələstindəki silahlı qruplar tərk-silah olunmalıdırlar”, 10,5 faizi isə “İsrailə təhlükəsizlik təminatı verilməlidir” cavabını verib. 2 faiz iştirakçının cavabı isə “ABŞ bölgədən çəkilməlidir”, “Heç bir tərəf münaqişənin bitməsini istəmir” şəklində olub.
“Qafqaz evi” ideyasının reallaşması üçün nə edilməlidir” sualına iştirakçıların 70,7%-i “Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır”, 17,9%-i “Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulmalıdır”, 10,3%-i “Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmalıdır” cavabını verib. “Bu mümkün olmayacaq”, “Ermənistan cəmiyyəti dəyişməlidir” yanaşmalarının hər biri 1,1 % təşkil edib.
“Azərbaycanla Ermənistan arasında danışıqlar hansı formatda davam etməlidir” sualının nəticələri aşağıdakı kimidir:
– Birbaşa danışıqlara üstünlük verilməlidir – 91.6%
– Danışıqlar Gürcüstanda aparılmalıdır – 3.2%
– Danışıqlar Vaşinqtonda aparılmalıdır – 3.2%
– Danışıqlar Moskvada aparılmalıdır – 1%
– Danışıqlar aparılmamalıdır – 1%
– Danışıqlar Brüsseldə aparılmalıdır – 0%.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualına isə “Sülh sazişi bu il imzalanmayacaq” deyənlər 41.1, “Sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” deyənlər 37.9, “Sülh sazişi bu ilin yarısına qədər imzalanacaq” deyənlər isə 15.5% təşkil edib. Respondentlərin 5%-i suala “Ermənistan buna hazır olanda”, “Bu, tərəflərin danışğından asılıdır”, “Bölgədəki proseslərdən asılıdır”, “Zamanı demək çətindir” cavabını verib.
Qeyd edək ki, sorğuda 100 respondent iştirak edib.