Heç kim Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura və iri regional layihələrin inkişafına mane ola bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
Səfirin sözlərinə görə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 24 faiz, 3.71 milyard dollar təşkil edib:
“Azərbaycanda toplanmış Rusiya investisiyalarının ümumi həcmi 6 milyard dolları ötür. Bu gün Azərbaycanda Rusiyanın iştirakı ilə 1456 müəssisə qeydiyyatdan keçib. Heç kimə sirr deyil ki, dost dövlətləri antirusiya sanksiyalarına qoşulmağa, Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur edən Qərbin görünməmiş təzyiqləri fonunda ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda müsbət irəliləyişlər baş verir”.
Boçarnikov bildirib ki, Rusiya və Azərbaycan bundan sonra da Heydər Əliyevin iki ölkə arasında münasibətlərin daha yaxşı, daha geniş və səmərəli olmasına yönəlmiş xəttinin davam etdirilməsi üçün mümkün olan hər şeyi edəcəklər.