Bakı-Gəncə qatarının hərəkəti bərpa olunur

19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti
bərpa olunacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik
əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə
11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və
21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3
saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil
edəcək.

Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib.
Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd
sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı
tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan
istifadə etməlidirlər.

Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail
Group” şirkəti tərəfindən istehsal olunan KISS markalı oturacaq
tipli ikimərtəbəli elektrik qatarı xidmət edir.

Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə
standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. 19 martdan
etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər
üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin
olunub. Qeyd edək ki, hazırda Bakı-Gəncə qatarında qidalanma
xidməti göstərilmir.

Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha
ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.

Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair
tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş
haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni
tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu
gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin
daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır.

Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı. Həmçinin bu
dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə
hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25
kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb.
Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə
hissəsində işlərin bitməsindən sonra mümkün olub.

Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik
hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji
işlərin aparılmasına başlanılıb. Bu işlərin aparılması davam
etdikcə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması
mümkündür. ADY sərnişinlərdən bu məsələyə anlaşıqla yanaşmağı xahiş
edir və yarana biləcək narahatlığa görə üzr istəyir.

Dəyişən cərəyana keçid enerji resurslarının istifadəsində
qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin
optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və
nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına
gətirib çıxaracaq.

Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa
stansiyasına qədər uzadılması istiqamətində işlər həyata
keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və
Gəncə stansiyalarında dayanır.

Teqlər: