Bakı Fond Birjasının 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil edib.
Birjadan AzerTimes-a verilən məlumata görə, kapital bazarının inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq ümumi ticarət həcmində, korporativ qiymətli kağızlar bazarında və repo əməliyyatlarında Bakı Fond Birjası tarixinin ən yüksək nəticələrini əldə edib.
Bazar kapitalizasiyasının həcmi 4,3 milyard manata yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatmışdır. Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınıb və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilib. Müqayisə üçün qeyd etmək olar ki, 2018-2020-ci illər ərzində Bakı Fond Birjasında ümumi məbləği 350 milyon manat olan 26 korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilib.
2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınıb. Müqayisə olaraq, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 milyard manat təşkil edib. Bakı Fond Birjasının ümumi ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 18 faizə yüksəlib.