Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Su İdmanı Sarayının təşkilatçılığı ilə Bakı Drift Kuboku turniri keçirilib.
AzerTimes-ın məlumatına görə, tədbir çərçivəsində avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar” və sportkarla “burnout” və drift şouları təqdim olunub.
Drift yarışlarının keçirilməsində məqsəd, avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyən edilməsidir.
Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində yol təhlükəsizliyinin artırılmasına da töhfə vermiş olur.
Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Halqasının təşkilati dəstəyi ilə keçən Drift Kubokunda yarış iştirakçılarını “Drift All Stars European Series” promouteri Nayl Qann, eləcə də Bəhreyn Avtomobil Federasiyasından dəvət olunan hakimlərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Builki kubokun sahibi BMW E36 markalı avtomobili ilə Fəxri Gülməmmədov oldu.