Xəbər - Çingiz Səfərli – Trend:
Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində avqustun 23-dən qəbula başlanacaq.
AzerTimes xəbər verir ki, ilk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.
Vahid əlaqələndirmə mərkəzləri:
Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
Xəzərvə Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
Nizami, Xətai, Sabunçu vəSuraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.)
Binəqədi, Nəsimi və Nərimanovrayonları üzrə 4 saylı Bakı “DOST” Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03)
fəaliyyət göstərir.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, bu müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər qeydiyyatda olduqları rayonlar üzrə qeyd edilən DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilərlər.
Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı “Əks göstəriş sertifikatı”na malik olduqda qəbul ediləcəklər.
Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.
Bu xidmətlərə daxildir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi;
tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat;
məşğulluq sahəsində göstərilən xidmətlər;
əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu;
Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu;
sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat.
Müdafiə Nazirliyi üzrə:
şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə);
müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.
Səhiyyə Nazirliyi üzrə:
tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:
hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi;
hərbi qeydiyyatda olma barədə arayış verilməsi.
Yerli icra hakimiyyəti orqanları üzrə:
yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu;
yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi;
şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:
Tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
immunoprofilaktikaya dair məlumat verilməsi;
tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:
şəhid statusu verilmiş şəxsin vərəsələrinə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.
Qeyd olunan qurumların vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərəcək əməkdaşlarının artıq Bakı DOST mərkəzlərində müvafiq xidmət pəncərələri yaradılmaqla yerləşdirilməsi, eləcə də təlimlər keçmələri təmin edilib.
Növbəti mərhələdə vahid əlaqələndirmə mərkəzlərində bütün şəhid ailələrinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri qəbul ediləcək. Hazırda ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin qurulması işləri davam etdirilir.
Xatırladaq ki, dövlət başçısının Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan dövlət orqanların göstərilən xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.
Twitter:@cingizsafarli