ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının növbəti sayı nəşr edilib.
Nəşrdə tanınmış yerli və xarici mütəxəssislərin məqalələri yer alıb. Jurnalda geosiyasət, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və iqtisadi inkişaf mövzuları da daxil olmaqla aktual mövzularla bağlı on məqalə yayımlanıb.
Nəşrin ilk bölməsində İkinci Qarabağ müharibəsinin regiona təsirləri, birinci və ikinci Qarabağ müharibəsi arasındakı dövr, bölgənin geocoğrafi xüsusiyyətləri, tarixi, etnik xüsusiyyətləri araşdırılıb.
Oxucular “Enerji və İpək Yolu Regionu: Geostrateji mülahizələr” mövzusundakı bölmədə Kanadanın “NATO” Assosasiyasının Enerji Təhlükəsizliyi Proqramının direktoru Robert Katlerin, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun, Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardininin məqalələrini oxuya bilərlər.
Jurnalın “Birləşdirən Əlaqələr: Cənubi Qafqaz və Yaxınlığındakı Qonşular” bölməsində “Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq: Amerikadan Baxış” və “Türkiyə və Rusiyanın nümunəsində Ukraynanın Cənubi Qafqazla Strateji Əlaqələri” mövzusunda iki məqalə əksini tapıb.
Jurnalın üçüncü bölməsi “İpək Yolu boyunca investisiya cəlbediciliyi” mövzusuna həsr edilib. Bu bölmədə Moskvanın Post-Sovet Araşdırmaları Mərkəzinin baş tədqiqatçısı Stanislav Pritçinin məqaləsi yayımlanıb.
Keçid vasitəsilə yeni sayı oxuya bilərsiniz: https://bakudialogues.ada.edu.az/