Bakıda qızmar yayda istirahət üçün ən münasib məkanlardan biri də dəniz kənarıdır, xüsusilə Şıx (və ya Şıxov) çimərliyi: həm məsafə yaxındır, həm də xüsusi xərc tələb etmir və yaxud etməməlidir.
İlk təəssüfedici odur ki, Şıx çimərliklərində istirahət məkanları həddən artıq azdır. Bu azlıq isə qiymətlərə ciddi təsir göstərir.
Ümumilikdə isə bu il ötən illə müqayisədə qiymətlər arasında kəskin fərq var.
Məsələn, ötən il “Aquapark”a giriş 7 yaşa qədər uşaqlar üçün pulsuz, 14 yaşa qədər uşaqlar üçün 6, böyüklər üçün 12 manat idisə, hazırda 14 yaşa qədər uşaqlar üçün 15, böyüklər üçün 20 manat tələb edilir, uşaqlara güzəşt ləğv edilib.
Bu, yalnız “Aquapark”a girişə aiddir: kənardan ərzaq gətirilməsinə imkan verilmir; yemək, su və s. üçün əlavə ödənişlər edilməlidir.
“Aquapark”la yanaşı olan keçmiş deputat, yazıçı Hüseynbala Mirələmova məxsus “1001 gecə” çimərlik-restoranında da qiymətlər kəskin bahalaşıb.
Ötən il “1001 gecə” çimərliyinin ərazisinə yalnız maşınla daxil olanlardan parkinq xidmətinin ödənilməsi tələb edilirdi – 3 manat. Hazırda giriş hər kəs üçün 3 manatdır.
Dəniz sahilində yalnız günlük – masa, oturacaq-filan yoxdur – 20 manatadır.
Ötən il günlüklü masalar-köşklər 30 manat depozitlə verilirdi: sifarişlər bu vəsaiti aşardısa və təbii ki, aşırdı, əlavə pul ödənilirdi, heç bir sifariş edilmədiyi halda 30 manat ödəniş kifayət edirdi.
Hazırda isə günlüklü masalarda ən azı 60 manat sifariş edəcəyin halda oturmağa icazə verilir. Başqa sözlə, qiymətlər tam iki dəfə bahalaşıb.
60 manatı aşmaq isə çox “asandır”: qiymətlər Bakının ən məşhur restoranlarından ikiqat bahadır.
Lökbatan dairəsinə doğru yerləşən daha iki pullu çimərliklərdən isə danışmağa dəyməz: giriş 45 manat – xidmətin qiymətlərini artıq təsəvvür edirsiniz.
Şıx çimərliyi ərazisindən paytaxtın mərkəzinə saat 19:00-dan etibarən taksi qiymətləri 15 manatdan başlayır. Bir az da geciksəniz, “28 May” metrosuna 20 manata gəlməyə məcbursunuz.
Beləliklə, bir ailənin bir neçə saat Şıx çimərliyində istirahəti ən azı 120-150 manat civarındadır.
Müqayisə üçün internetdə xırdaca axtarışla qiymətlərə baxdıq: Antalyada 7 gün qalmaq, qarşılanma, təyyarə bileti, gündə 3 dəfə yemək, sığorta və s. daxil bütün xərclər 639 manatdan başlayır.