Təəssüf ki, Ermənistan və Azərbaycan arasındakı kimi uzun və çətin münaqişəni bir gecədə dayandırmaq çətindir. Bütün tərəflər üçün vacib və məcburi olan sənədlər altında imzalarla onilliklər boyu bir-birini silah kimi görən milyonlarla insanın fikirlərini dərhal dəyişmək mümkün deyil. Bu, vaxt və səbir tələb edir.
Bu sözləri AzerTimes-a rusiyalı politoloq Vitali Arkov “Qisas” antiterror əməliyyatını şərh edərkən deyib.
“Ümid edək ki, bu günlərdə müşahidə olunan və faktiki olaraq İrəvanın nəzarətində olan silahlı birləşmələrin təhrik etdiyi təxribat regionda növbəti eskalasiyaya səbəb olmayacaq. Əksinə, yalnız erməni qisasçılarının ağıllarını başlarına gətirəcək.
Bir daha deyirəm ki, bütün tərəflər Rusiya lideri Vladimir Putinin sülhməramlı vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədlərə əməl etməlidir.
Fikrimcə, vəziyyətin gərginləşməsi zamanı bölgədə sülhməramlı missiyası olan Rusiya nümayəndələri əziyyət çəkməməlidir, əks halda bu, çətin proqnozlaşdırıla bilən ən azı siyasi nəticələrə gətirib çıxara bilər.
Azərbaycana üç tələb irəli sürən Ermənistanın Baş naziri Nikol Paşinyanın mübahisəli bəyanatlarına – “Dağlıq Qarabağ” adlı ərazi vahidinin mövcudluğunu qəbul etmək, Qarabağda “təmas xətti”nə və “Laçın dəhlizinin mövcudluğuna hörmət etməyə” gəlincə, Qarabağın statusu çoxdan hüquqi və dönməz şəkildə müəyyən edilib və beynəlxalq sənədlərdə qeyd olunub. Bu, Azərbaycanın ayrılmaz hissəsidir. Moskvanın xahişi ilə Bakı müvəqqəti olaraq Qarabağda Azərbaycan ordu”su və hüquq-mühafizə qüvvələrinin əvəzinə təhlükəsizliyi Rusiya sülhməramlılarına həvalə etdi. Qarabağda “prezident”, “hökumət” və “dqr parlamenti” adına heç nə yoxdur. Çünki belə bir dövlət qurumu yoxdur. Bir Qarabağ var ki, Azərbaycanın tərkibində bir bölgədir. Və nöqtə”, – o bildirib.
Ekspert qeyd edib ki, Bakının Qarabağda yaşayan və Azərbaycana qarşı döyüşməyən şəxslərin ölkə vətəndaşlığını qəbul etməyi tələb etməyə haqqı var:
“Əgər Paşinyan Bakıya Laçın dəhlizini xatırladırsa, onda İrəvanın günahı ucbatından hələ də bağlı olan Zəngəzur dəhlizini xatırlamaq onun üçün günah olmaz”.