Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 30-cü islası keçirildi. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanıdır. Hər il dekabrın əvvəlində ATƏT-in toplantıları keçirilir. 1990-cı illərdə ATƏT-in illik toplantılarında üzv dövlətlərin liderləri də iştirak edirdilər. Ancaq sonrakı illərdə buna ehtiyac qalmadı. Çünki ATƏT çərçivəsində qəbul edilən qərarlar yerinə yetirilmirdi. Bu, Azərbaycana da aiddir.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ATƏT-in 1996-cı il Lissabon zirvə toplantısında təşkilatın sədri adından Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 3 maddəlik bəyanatı qəbul olunmuşdu:
“Sədrin adından qəbul edilən bəyanata görə, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxarmalı və bununla işğala son qoyulmalı idi. Ermənistan heç bir addım atmadı. Bu, Azərbaycanın ATƏT-ə olan inamını azaltdı. Bundan sonra formalaşan ATƏT həmsədrlərinin keçmiş Dağlıq Qarabağla bağlı fəaliyyətləri də yarıtmaz oldu. ATƏT həmsədrləri Ermənistanı işğala son qoymağa məcbur etmədilər və ya məcbur etmək istəmədilər. Nəticədə Azərbaycan problemi özü həll etdi. Bu “təcrübədən” sonra Azərbaycanın ATƏT-in hər hansı vasitəçilik təşəbbüsünə ehtiyacı yoxdur. Bu haqda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da ATƏT toplantısındakı çıxışında dedi. Əlbəttə, rəsmi Bakı ATƏT-lə dialoqu davam etdirəcək, Azərbaycan rəsmiləri təşkilatın toplantılarına qatılacaqlar. Ancaq ATƏT-in Azərbaycanla Ermənistan arasında vasitəçi olması mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra həmsədrlik institutunu yenidən canlandırmaq təşəbbüsləri olsa da, rəsmi Bakı bunu qəbul etmədi”.
Politoloq xatırladıb ki, ATƏT-in nəticəsiz fəaliyyəti yalnız Cənubi Qafqaz bölgəsi ilə bağlı deyil:
“ATƏT-in Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün də gücü yoxdur. Doğrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedəki toplantıda iştirak edirdi, ancaq Qərb ölkələrinin bir qisminin xarici işlər naziri onunla bir masada oturmaq istəmədi. Həmin nazirlər Sergey Lavrovun iştirakına etiraz olaraq ortaq toplantıya qatılmadılar. Sergey Lavrov da toplantını tez tərk edənləri qorxaq adlandırdı.
ATƏT toplantıları hansısa regional problemi həll etmək iqtidarında deyil. ATƏT iclasları sadəcə fikir mübadiləsi və ikitərəfli görüşlər üçün platformaya çevrilib. Ancaq bəzən bu da alnımır”.