Müstəqil Dövlətlər Birliyinin 8 dekabr 1991-ci il tarixli sazişinə görə, iki müstəqil üzv dövlətin sərhədində üçüncü dövlətin ordusu ola bilməz.
Bu sözləri AzerTimes-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl KTMT Baş katibi Stanislav Zasın Ermənistana kompleks yardımlar çərçivəsində Azərbaycanla sərhədə qüvvə yeridilməsi təklifini şərh edərkən deyib.
“KTMT-nin belə bir addım atması gərginliyin artırılması mənasına gəlir. Bu, yolverilməzdir. Əgər KTMT sərhədə hansısa bir missiya göndərməkdə israr etsə, Azərbaycan da alternativ təşkilatlara müraciət edərək məsələni gündəmə gətirməlidir. Rusiyanın könlündən keçən bu ərazilərə girmək və bir daha çıxmamaqdır. Onsuz da Ermənistanda Rusiya ordusu var. Azərbaycan isə sərhəddə Ermənistanın istənilən işğalçı hərəkətinə layiqincə cavab vermək gücündədir. KTMT-nin sərhədə gəlməsi Azərbaycana birbaşa təhdiddir. Bu isə avtomatik şəkildə Şuşa Bəyannaməsinin işə düşməsi deməkdir. Yəni Azərbaycan da Türkiyə Silahlı Qüvvələrinin sərhədə gəlib yerləşməsini tələb edə bilər”.