Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir.
AzerTimes xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı:
“Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə tamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğızstan Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən də yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vəd edir”.
K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətindən bəhs edərək deyib:
“Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərində mədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayiş etdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışında çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Çingiz Aytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovet İttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincə təmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”.