Bakı avtovağzalı bayrama görə iş qrafikini dəyişdi

Bakı avtovağzalı bayrama görə iş qrafikini dəyişdi

Bakı Beynəlxalq Avtovağzal Kompleksi iş qrafikində dəyişiklik edib. Dəyişiklik Qurban bayramı ilə bağlıdır.

Kompleksin mətbuat xidmətindən verilən məlumata görə, bayram günlərində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Avqustun 30-dan sentyabrın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda gün ərzində 400-450 nəqliyyat vasitəsi ilə təqribən 11-12 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Kənardan dəvət olunmuş nəqliyyat vasitələrində qiymət intizamına nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya yaradılıb.

Avtovağzaldan bütün təyin olunmuş qrafiklər üzrə reyslərə bilet satışları avtovağzalın qabaqcadan satış kassaları vasitəsilə və həmçinin onlayn qaydada 10 gün qabaqcadan həyata keçirilir.

Xatırladaq ki, Qurban bayramı bu il sentyabrın 1-2nə təsadüf edir. Sentyabrın 2-i şənbə gününə təsadüf etdiyi üçün növbəti həftənin ilk günü – 4 sentyabrda qeyri-iş günü hesab ediləcək.