Güneyli yazıçı Fəriba Vəfinin AzerTimes-a müsahibəsi:
– Öncə deyək ki, Güney Azərbaycanın dünyaca ünlü isimlərindən Fəriba Vəfini Azərbaycanımızda salamlamaq, soydaşımızla doğma dilimizdə fikirlərini bölüşmək sonsuz məmnunluq hissi yaşadır insana. Vətənə xoş gəlmisiniz! Bu sizin Bakıya ilk gəlişinizdir, ya əvvəl də burada olmusunuz?
– Xoş gördük, çox sağ olun. Bu, mənim Bakıya artıq 4-cü səfərimdir. Axırıncı dəfə təxminən 10 il bundan əvvəl gəldim. O vaxtdan bu yana şəhər çox dəyişilib, daha da müasirləşib. Hətta bildiyim qədər, hazırda Azərbaycan iqlim dəyişikli ilə bağlı məsələlərin həllində də aparıcı rol oynayır. COP29 kimi beynəlxalq layihələrə ev sahibliyi edir. Bakı o qədər sürətlə inkişaf edib ki, Avropa şəhərlərindən biri kimi görünür.
– Hazırda Almaniyada yaşayırsınız. Dünyanın bir çox ölkəsində olmusunuz. Azərbaycanın sizin üçün daşıdığı mahiyyət, kəsb etdiyi əhəmiyyət nədən ibarətdir?
– Azərbaycanda olmağımdan çox şadam. Düzdür, bir çox ölkədə olsam da, Azərbaycanı digərlərindən fəqləndirən əsas xüsusiyyət sözsüz ki, doğmalıq hissidir. Bildiyiniz kimi, İranda azərbaycanlıların doğma dildə təhsil alma hüququ olmadığından və qaydalara uyğun olaraq fars dili aparıcı rol oynadığından, burada hər kəsin öz dilində danışmağı mənim üçün sevindirici haldır. Həmçinin kitab sərgisində də şahid olduğum gənc oxucuların kitabıma olan böyük rəğbəti və doğma münasibəti məni çox sevindirdi.
– Müsahibələrinizin birində demişdiniz ki, azərbaycanca düşünüb, farsca yazıram. Digər müsahibələrinizdə də dəfələrlə dil kimi strateji bir məsələyə həssaslıqla yanaşmanızın şahidi oluruq. Dünən 10-cu Beynəlxalq Kitab sərgisində də oxucularla görüşdə bunu qeyd etdiniz…
– Bilirsiz, dil çox həssas bir məsələdir. Hər bir insanın dili ona əzizdir, ancaq yazıçı üçün dil məsələsi daha dərin əhəmiyyətə malikdir. Bir çox yazıçıya görə dil yazma aləti olsa da, məncə, dil alət deyil, dil yazıçının dünyasıdır. Onun vasitəsi ilə kəlmələr həyat tapır. Daha əvvəldə qeyd etdiyim kimi, mən doğma dildə düşündüyümdən və daxili səsin ana dilimdə olmasından dolayı, Azərbaycan dili mənim üçün daha doğmadır.
– İranda qadınlara qarşı olan bütün problemli yanaşmanı nəzərə alsaq, qadınların ədəbiyyatda fəaliyyətini necə dəyərləndirirsiniz?
– İnqilabdan sonrakı dövrlərdə istər bütün İran ədəbiyyatında, istərsə də Güney ədəbiyyatında xanım yazarların sayı çox idi. Hətta elə bir dövr var idi ki, qadın yazarların sayı kişi yazarları üstələmişdi. İndi də kitablarım İranda və başqa ölkələrdə nəşr olunur. Ancaq təəssüf ki, dil məsələsi ilə bağlı azərbaycanca yazılan yazıların oxucu kütləsi daha azdır. Bildiyiniz kimi, güneyli soydaşlarımızın bir çoxu müasir Azərbaycanın qrafikası ilə tanış deyillər. Bu səbəbdən də farsca yazılar üstünlük təşkil edir.
– Sizcə, İranın müasir və klassik ədəbiyyatında qadın hansı yerdədir?
– Düşünmürəm ki, qadını hər hansı bir yerə qoymaq olar və ya lazımdır. Qadın dünyası öz-özlüyündə mürəkkəb və qarışıq, eyni zamanda ziddiyyətli aləmdir. Mən adətən yaşadığım və gördüklərimi yazıram. Şəraitdən asılı olaraq, qadınların ən xırda hüquqları əldə etmək üçün belə mübarizə aparıdığı bir cəmiyyətdə yaşamaq təcrübəmdən dolayı, deyə bilərəm ki, qadının yerini bir kəlmə ilə ifadə etməli olsam, yəqin ki bu, “mübarizə” sözü olardı.
– Adətən sizin qəhrəmanlarınız real gerçəkliklərdən, həyatın içindən boylanan qadınlardır. Qələmə aldıqlarınız ağrısı, acısı, sevinci, hissləri, duyğuları, problemləri ilə riya donundan uzaq, qadınların real yaşantılarının bədii inikasıdır. Zərif göründüyü qədər güçlü yaradılan bir kəsimin səsi olmaq necə hissdir?
– Qadınlar nə qədər zərif olsa da, güclü məxluqlardır. Əvvəllər ədəbiyyatda daha çox iki formada qadın obrazı yaradılırdı: ya mələk – fədakar, hər şeydən keçən, müqəddəs, ya da əksi – şeytan, daha qaranlıq qadın. Bir qadın kimi yaradıcılıq fəaliyyəti ilə məşğul olmağımın əsas səbəblərindən biri budur ki, heç bir kişi bu qədər mürəkkəb qadın dünyasını, bir qadının hissini onun qədər dərk edib, təsvir etmək gücünə malik deyil.
– Müsahibələrinizin birində bildirmisiniz ki, ziyalılar və yazıçılar cəmiyyətdə təsir gücünə malik deyillər. Bir çox ölkədə isə vəziyyət əksinədir. Sizcə, bu hal İranda belədir, ya bütün dünyada? Bunun səbəbləri nədir?
– Aha, bilirəm hansı müsahibəni nəzərdə tutursunuz. Əslində yazıda başlıq bir az fərqli anlaşılıb. Orada qeyd etmişdim ki, İranda mövcud iqtisadi vəziyyətlə əlaqədar kitab nəşrlərinin sayında kəskin azalma müşahidə olunur. Təbii ki, bu, kitabın oxucu kütləsinə çatmasına da təsir edir. Beləliklə, kitabların və dolayı yolla ziyalıların da insanlara təsir imkanları azalır.
– Quzey ədəbiyyatı ilə bağlı nə düşünürsünüz? Tanıdığınız isimlər varmı?
– Fars dilində bir neçə Quzey ədəbiyyatı nümunəsi ilə tanış olmuşam. Bu kitablar fars dilinə tərcümə olunduğundan, bir az da tərcüməçinin istedadı ilə bağlı məsələdir fikrimcə. Ancaq buna baxmayaraq, hazırda xatırlamasam da, bir neçə yazıları, xüsusilə də nağıllarla bağlı kitabları bəyəndiyimi deyə bilərəm.
– Gələcək planlarınız və yaradıcılıq fəaliyyətiniz barədə nə demək istəyərsiniz?
– Yaradıcılığıma davam etməyi planlayıram. Yaxın gələcəkdə növbəti kitabım işıq üzü görəcək. Bu kitab almanca çıxacaq və çox güman ki, fars dilində də oxuculara təqdim olunacaq.
– Qarabağ zəfərinə münasibətiniz barədə nə deyə bilərsiniz? Bu böyük qələbə sizi sevindirirmi?
– Mən açığı Qarabağ münaqişəsi ilə bağlı elə də məlumatlı deyildim. Ancaq bura gəldikdən sonra təzə-təzə bu barədə xəbərdar olmuşam. Hətta yolda maşına mindikdə bu haqda olan hekayələri eşidirəm. İranda bizim Qarabağ haqqında elə də məlumatmız yoxdur. Bura gəldikdən sonra nisbətən xəbərdar oluram baş verən hadisələrdən. Qarabağda gedən döyüşlər, verilən şəhidlər, hətta “Ana harayı” abidəsi, Xocalıda baş verənlər haqqında və s. bu gəlişimdə öyrənmişəm. Arzu edərdim ki, Bakıda daha çox qalıb, bu haqda daha yaxından tanış olum.