Bakı Ali Neft Məktəbi (BANM) Asiya Universitetlər Birliyi (EURAS) ilə birgə “Gənc ali məktəblər üçün beynəlxalq reytinq: çağırışlar və fürsətlər” mövzusunda vebinar təşkil edib.
Vebinarda EURAS-ın prezidenti Dos. Prof. Mustafa Aydın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ADA Universitetinin prorektoru Fariz İsmaılzadə açılış nitqi ilə çıxış ediblər.
Bildirilib ki, dünyada ali məktəblərin reytinqi ilk dəfə olaraq 2003-cü ildən Britaniya Sənayesi Konfederasiyasının baş direktoru və Uorvik Universitetinin kansleri Riçard Lambert tərəfindən irəli sürülüb. R.Lambert Böyük Britaniya universitetlərinin dünya arenasında yerini müəyyənləşdirmək üçün reytinq aparılmasını təklif edib.
Sonralar bu proses ayrı-ayrı ölkələrdə müxtəlif təşkilatlar və institutlar tərəfindən həyata keçirilib. Müxtəlif kriteriyalar, o cümlədən, ali məktəblərin internet ünvanının aktivliyinə, onların elektron nəşrlərinin sayına və sair parametrlərə görə reytinq cədvəli hazırlanıb. Bunlardan biri ali məktəbin akademik resurslarıdır. Bura ali məktəbin professor-müəllim heyəti, tələbələrin nailiyyəti, tədris, maliyyə resursları, təminat və sair kriteriyalar daxildir.
Vebinarda o da qeyd edilib ki, reytinq cədvəlləri universitetlərə imkan verir ki, qərarlaşdığı yeri və vəziyyəti, problem və çatışmazlıqları aydın şəkildə müəyyən edə bilsin. Bu isə universtetləri təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atmağa səfərbər edir.
Hazırda bir sıra qurumlar tərəfindən dünya universitetlərinin reytinqlərinin tərtib edildiyi və onların arasında ən nüfuzlularının “Times Higher Education World University Rankings” və “QS World University Rankings” olduğu vurğulanıb.
Vebinarın panel məruzəçiləri Roma Sapienza Universitetinin Rektorunun QS-də Sıralamalar və Biznesin İnkişafı Partnyoru üzrə məsləhətçisi Dario Consolı “Gənc universitetlər və nüfuz: qlobal məlumatlandırma və reytinq vəziyyətini necə artırmaq olar”, İstanbul Aydın Universitetinin prorektoru Prof. Dr. Zafer Aslan, Daffodil Beynəlxalq Universitetinin Tədqiqat şöbəsinin Direktoru Prof. Dr. Md Kabirul İslam “İnstitusionalizasiya tədqiqat mədəniyyəti və universitetlərin dünya reytinqi”, Əl-Farabi Qazax Milli Universitetinin Marketinq və İşəgötürmə Mərkəzinin direktoru Leyla Delovarova və Strateji Marketinq,Marka İdarəetmə müdiri Zhaxybay Suıngarıyev “Qazaxıstan təhsilinin beynəlmiləlləşmə təcrübəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji İnkişaf rəhbəri Turan Süleymanov ”Azərbaycan ali məktəbləri beynəlxalq reytinqlərdə, perspektivlərdə və çağırışlarda ” mövzusunda çıxış ediblər.
Məruzəçilər qeyd edib ki, bütün dünya üzrə işəgötürənlər də məhz reytinqlərə istinad edərək bu və ya digər universitetin məzunları haqqında daha çox məlumat əldə etməyə çalışır. Hazırda ali təhsil bazarının iqtisadiyyatın əhəmiyyətli sektorlarından biri hesab edildiyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, universitetlərin regional reytinqlərdə təmsil olunması həm ali məktəblərin nüfuz göstəricisidir, həm də məzunların əmək bazarında keyfiyyətli işlə təmin olunmasının təminatıdır.
Tədbirin moderatoru qismində İstanbul Aydın Unversitetinin Akademik direktor müavini Ayşe Deniz Ozkan çıxış edib.