Bakı Ali Neft Məktəbinin “SPE BHOS” komandası ABŞ-də Ali Məktəbi təmsil edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası Beynəlxalq
Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən
beynəlxalq “Petrobowl” yarışının Regional turunun qaliblərindən
biri olub. Yarış Xəzər və Rusiya regionunu əhatə edib. “SPE BHOS”
komandası Xəzər regionunu BANM adından yarışın beynəlxalq turunda
təmsil etmək hüququ qazanıb.

Bununla da BANM-in “SPE BHOS” komandası bu il Amerikanın Texas
ştatında keçiriləcək SPE-nin illik texniki konfransı və sərgisi
çərçivəsində “Petrobowl” yarışının finalına vəsiqə qazanıb.

Qaliblərdən biri olan “SPE BHOS” komandasının üzvləri BANM-in
Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Leyla Abdullayeva,
Vüsal Kərimov, Kənan Məmmədov, Coşqun Səmədov və Fərdin
Vətənidir.

Beynəlxalq “PetroBowl” yarışması Beynəlxalq Neft Mühəndisləri
Cəmiyyətinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi
proqramlardan biridir. Bu yarışda tələbələr komanda şəklində
iştirak edirlər. Yarış bir neçə mərhələdən ibarət olur və hər bir
mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara
cavab verirlər. 2015-ci ildə yarışın 6 regionda təşkil edilməsi ilə
onun beynəlxalq statusu təmin olunub.

“PetroBowl” Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif
ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda
iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa
vəsiqə qazanacağı “PetroBowl” Regional Çempionatında müəyyən
edilir.

Teqlər: