Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş II, III, IV və V kurs tələbələri arasında Spartakiadanın açılışı olub. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Ali Məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq Bakı Ali Neft Məktəbinin 10 ildir uğurla fəaliyyət göstərdiyini, ən bilikli və bacarıqlı gənclərin buranı seçdiklərini bildirib. Rektor vurğulayıb ki, Ali Məktəbin tələbələri yüksəkixtisaslı mühəndis kimi yetişərək ölkə iqtisadiyyatına, sənayesinə töhfələr verirlər: “Bu gün böyük fəxrlə deyə bilərəm ki, Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu ali məktəbinə çevrilə bilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qarşısında, Azərbaycan cəmiyyəti qarşısında, SOCAR qarşısında etimadı doğrultduğumuz üçün böyük şərəf duyuruq”.
Rektor Ali Məktəbdə idmanın inkişafına böyük əhəmiyyət verildiyini qeyd edərək bildirib ki, 2014-cü ildən BANM-də İdman Klubları fəaliyyət göstərməyə başlayıb və sevindirici haldır ki, yarandığı gündən böyük maraqla qarşılanaraq tələbələrin ən sevimli klubları arasında yer alıb. Elmar Qasımov bu gün başlayan və bir neçə ay davam edəcək Spartakiadada komandalar arasında maraqlı mübarizə aparılacağına inandığını əlavə edib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idmanın inkişafından, bu sahəyə dövlətin qayğısından bəhs edərək gənclərin idmana marağının artırılmasının vacibliyini vurğulayıb. Nazir müavini Bakı Ali Neft Məktəbinin təhsildə olduğu kimi idman sahəsində də nümunəvi ali məktəb olduğunu qeyd edib. O, BANM-də idmanın inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev çıxışında Azərbaycanda təhsilin inkişafı, Dövlət başçısının bu sahəyə diqqət və qayğısından danışıb. Nazirlik rəsmisi Bakı Ali Neft Məktəbinin təhsil səviyyəsi, maddi-texniki bazası baxımından ölkədə təhsilin inkişafının bariz nümunəsi olduğunu qeyd edib.
Spartakiadada idmanın basketbol, voleybol, şahmat, stolüstü tennis, mini futbol və üzgüçülük növləri üzrə yarışlar keçiriləcək. Voleybol yarışlarında 17 komanda (Qızlar arasında 5 komanda, oğlanlar arasında 12 komanda), futzal yarışlarında 17 komanda, basketbol yarışlarında 10 komanda iştirak edir. Bundan başqa, fərdi idman növlərindən şahmatda 60 nəfər, stolüstü tennisdə 65, üzgüçülükdə 30 tələbə yarışacaq.