Bakı Ali Neft Məktəbinə yeni qəbul olmuş tələbələr üçün Orientasiya proqramı keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) 2021/2022-ci tədris ilində Ali Məktəbə qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilib. Proqram çərçivəsində rektor Elmar Qasımovun rəhbərliyi və BANM-in müxtəlif şöbələrinin əməkdaşlarının iştirakı ilə I kurs tələbələri, onların valideynləri və Biznesin idarə edilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələr üçün görüş təşkil edilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu il Ali Məktəbə daxil olmuş Hazırlıq ilinin (“Foundation”) tələbələri və onların valideynlərini təbrik edib. Ali Məktəbin uğurları, göstəriciləri və məzunları, eyni zamanda təlim-tədris prosesi haqqında ətraflı məlumat verən rektor bildirib ki, ən savadlı, bilikli, bacarıqlı, beynəlxalq və ölkə səviyyəli olimpiadaların qalibləri olmuş, orta məktəbi qızıl medal və Fərqlənmə attestatı ilə bitirən abituriyentlər BANM-i seçir: “ Bizim tələbələr Azərbaycanın intellektual əsgərləridir. BANM yarandığı 10 il ərzində yalnız ən yüksək göstəricilərlə yadda qalıb. Bu il isə Ali Məktəbimiz Azərbaycan təhsil tarixində rekorda imza atdı. Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Tələbələrimiz bu nəticəni əziyyətləri ilə, gecələrini gündüzlərinə qatıb dərs oxumaqla əldə ediblər. BANM-in tələbəsi olmaqla siz artıq həyatınızın ilk uğuruna imza atmısınız. Bu uğur hər zaman sizi müşayiət edəcək. BANM-in tələbələri Azərbaycanda ilk dəfə olaraq ölkəmizi NASA-nın nüfuzlu müsabiqəsində təmsil edəcəklər. Bu uğur bizi sevindirir və qürur verir”.

Sonra rektor tələbə adını qazanmış gənclərə tələbə biletlərini təqdim edib.

Orientasiya proqramı çərçivəsində Sosial şəbəkələrdə aktivlik və BANM haqqında, tədrisin, imtahanların təşkili və keçirilməsi, daxili intizam qaydaları, apellyasiya şikayətlərinin elektron qəbulu üzrə qaydalar, e-poçt ünvanlarından, turniketdən istifadə, biometrik qeydiyyat haqqında təqdimatlar edilib.

Tələbələrə, həmçinin kitabxanadan istifadə və davranış qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, Yaşayış – idman kompleksindən istifadə və davranış qaydaları, İdman kompleksindən istifadə və idman klublarında iştirak haqqında ətraflı məlumatlar verilib.


Görüş zamanı Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirən və hazırda dünyanın ən məşhur şirkətlərindən olan “McKinsey & Company”də məsul vəzifədə çalışan Leyla Firudinbəyli tələbəlik illərindəki xatirələrini və uğur hekayəsini bölüşüb.

BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) sədri Lalə İsmayılzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Nigar Nağıyeva, Neftçi Mühəndislər Cəmiyyətindən (SPE) Taliyə Məmmədhəsənzadə, Kəşfiyyat Geofizikləri Cəmiyyətindən (SEG) Asiman Həmzəyev, “Animal care club”un sədri Ruslan Alquliyev və NASA komandasının kapitanı Nihad Həbizadə təşkilatları və klublar haqqında təqdimatla çıxış ediblər.

Görüşdə, həmçinin rektor valideynlər və tələbələri maraqlandıran sualları cavablandırıb. Valideynlər adından Mənzurə Ağakişiyeva və Vəfa Vəliyeva çıxış ediblər.

Sonda valideyn və tələbələr üçün Kampus turu təşkil edilib.

Teqlər: