Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib.
Vebinarda açılış nitqi ilə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut çıxış edib.
Vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı 300-ədək iştirakçı qatılıb.
Vebinarın açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, pandemiya dönəminə adaptasiya məcburiyyəti ilə yanaşı, rəqəmsal texnologiyaların tətbiqinə, proqram təminatlarının alınmasına əlavə vəsaitlər cəlb olundu. Onun sözlərinə görə, böyük psixoloji sədlər aradan qaldırıldı, mübadilə proqramlarının, beynəlxalq elmi konfransların təşkili dayandırıldı.
“Müəllimlərin, təhsil menecerlərinin fədakar əməyi nəticəsində ümumilikdə bu dönəmi təhsil üçün uğurlu adlandırmaq olar. Çünki təhsilin fasiləsizliyi təmin olundu. Hesab edirəm ki, tədris prosesinin, laboratoriya dərslərinin, imtahanların vəziyyəti müzakirə olunmalıdır. İlk növbədə texniki problemlərin aradan qaldırılması, tələbə və müəllimlər texniki vasitələrlə, psixoloji xidmətlərlə təmin olunmalıdır. Məlumdur ki, bu gün onlayn təhsil ənənəvi təhsil üçün alternativ platformaya çevrilib ki, bu da klassik universitetlər üçün rəqabət yaradır”.
E.Qasımov postpandemiya dönəmində təhsilverənlər və təhsilalanlarla yanaşı, işəgötürənlərin də müasir texnolji vərdişlərinin təkmilləşdirilməsinin zəruriliyini də vurğulayıb. O müasir dövrün çağrışlarının bunu diqtə etdiyini qeyd edib.
Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, hazırda bütün dünyada ciddi bir qeyri-müəyyənlik hökm sürsə də təhsil davam etdirilməlidir.
“Biz insan kapitalının inkişafını bu dövrdə dayandıra bilmərik. Şəraitə tez uyğunlaşan sistemlər bu şəraitdə daha çox öyrənə bilərlər. Təhsil Nazirliyi tərəfindən pandemiya dönəmində 1 milyondan çox şagirdin, 100 mindən çox müəllimin vahid elektron platformada iştirakı təmin olunub. Bir həftə ərzində təşkil olunan onlayn sessiyaların sayı 6 milyondan çox olub. Sözümün mahiyyəti odur ki, pandemiya bizə həm də yeni imkanlar açır”.
Nazir qeyd edib ki, bu dövrdə təhsilin fundamental məqsəd və vəzifələrinin dəyişməməsi ən vacib məsələlərdəndir.
“İstər təhsilin əlçatan olması, bərabər imkanlar təqdim etməsi, şəraitin necə olmasından asılı olmayaraq, Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bacardıqca keyfiyyətli təhsili təmin etməliyik. Ali təhsil kifayət qədər tənzimlənən bir sahədir. Həm dövlət sifarişidir, həm dövlət təqaüdlərinin, o cümlədən ali təhsil müəssisələrinin akkreditasiyası, yerlərin müəyyən edilməsi, hibrid proqramlarla ənənəvi proqramlar arasındakı fərqlər baxımından məsələlərə əsaslı yenidən baxmaq və təhlil etmək sualını qarşımıza qoyur. Biz müəyyən etməliyik ki, pandemiya dönəmində hansı həcmdə öyrənilmə itirilib. İtirmişikmi, itirmişiksə həcmi nə qədərdir və necə bərpa edə bilərik? – kimi suallar ətrafında düşünmək lazımdır. Önümüzdə çoxlu tədqiqat sualları var”.
Postpandemiya dönəmində distant təhsilə keçidlə bağlı sualın da çoxlarını düşündürdüyünü bildirən E.Əmrullayev qeyd edib ki, distant təhsil olduqca vacib fenomendir, amma hər kəsi daha çox təhsilin məzmununun hansı istiqamətdə dəyişəcəyi sualı düşündürməlidir. Çünki pandemiya şəraiti əvvəllər zəruri hesab edilən bacarıqlar toplusunun da yenilənməsi gərəkdiyini göstərdi.
O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarəedilməsi məsələsi gündəmə gəlməlidir: “Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq”.
Nazir tələbələrin sosial-psixoloji rifah məsələsinin də vacib məsələlərdən olduğunu və tamamilə yeni sosial-ünsiyyət, sosial-əməkdaşlıq mühitinə qədəm qoyulduğunu qeyd edib.
“Ona görə də, tələbələrin sosial-psixoloji durumu ilə öyrənmə potensialının kəsişməsi məsələsinə baxılmalıdır”- deyə nazir vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi təhsildə də tətbiqi qaçılmazdır.
“Distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmetinə çevrilməməlidir. Bizi distant təhsilin keyfiyyəti düşündürməlidir. Çünki bu artıq reallıqdır. Amma distant təhsil tədrisin inkişafı baxımından faydalı olsa da, universitetlərin inkişafı baxımından ciddi çağrışlar yaradır. Belə ki, distant təhsil ilk növbədə elmi tədqiqatların əhəmiyyətini bir növ arxa plana keçirdi, sanki, universitetlər XVIII əsr modelinə qayıtdılar. Düşünürəm ki, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universitetinin modeli postpandemiya dövründə həllini gözləyən problemlərdən biridir”.
Rektor onlayn kursların milli ali təhsil sisteminə adaptasiya edilməsinin zəruriliyini qeyd edərək, bu kursların gənclərin xaricdə təhsil almaq istəklərinə də maneə yaratmamasını bildirib.
Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut da pandemiya dövründə təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olunmasının, bütün maddi və mənəvi resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
“Yeni tipli koronavirus distant təhsili aktuallaşdırıb qısa zamanda elektron kütləvi informasiya vasitələri və internet üzərindən layihələrinin reallaşdırılması labüd etdi. Qara Dəniz Universitetlər Şəbəkəsi olaraq biz bu tendensiya ilə ayaqlaşmağa çalışırıq”.
Panel məruzəçiləri qismində UNICA-nın prezidenti prof. Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti prof. Perikles A. Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Varna Tibb Universitetinin professoru Todorka Kostadinova təqdimatla çıxış ediblər.
Çıxışçılar ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə, təhsil sferasında müəyyən problemlər yaratmasına toxunub, eyni zamanda distant təhsilin yaratdığı imkanlardan danışıblar. Həmçinin, distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.