Bakı Ali Neft Məktəbində ICESCO-nun pilot layihəsinin təqdimatı keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “NewSpace Innovation” şirkətinin “ICESCO akseleratoru” adlı yeni pilot layihəsinin açılışı keçirilib. Layihənin məqsədi ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsidir. Açılış tədbirində BANM-in rektoru Elmar Qasımov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, ICESCO-nun Elm və texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərif, “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə, həmçinin şagird və tələbə startapçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq belə əhəmiyyətli tədbirə BANM-in evsahibliyi etməsindən məmnunluğunu ifadə edib və buna görə mədəniyyət naziri Anar Kərimova təşəkkürünü bildirib. ICESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrdən bəhs edən rektor vurğulayıb ki, bu təşkilat hər zaman ölkəmizin yanında olub: “ICESCO Azərbaycanın dostudur və daima bütün beynəlxalq proseslərdə Azərbaycanı dəstəkləyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ICESCO-nun xoşməramlı səfiri olması bizim yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsidir”. “ICESCO akseleratoru” layihəsinin əhəmiyyətinə də toxunan Elmar Qasımov bildirib ki, layihədə 23 komanda iştirak edir. Rektor şagird və tələbələrdən ibarət olan komandalara uğurlar arzulayaraq, onlara ideyalarını və startap layihələrini reallaşdırmaq üçün tövsiyələrini verib.

Layihə iştirakçılarına uğurlar arzulayan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazir Anar Kərimovun salamlarını çatdıraraq qeyd edib ki, ICESCO İslam ölkələrinin təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan və üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən xüsusi təşkilatdır. Bu beynəlxalq təşkilat nəinki təhsil, elm və mədəniyyət, eyni zamanda bir çox sahələrdə Azərbaycanı dəstəkləyib: “Azərbaycan ərazilərinin işğal altında olduğu 30 ilə yaxın müddətdə ICESCO-nun ölkəmizin dostu kimi səylərinin şahidi olduq. Bu cür böyük təşkilatın bizi dəstəkləməsi olduqca önəmlidir. Bu layihədə də ICESCO-nun Azərbaycan gənclərinin yanında olması bizi çox sevindirir. Çünki gənclər bizim gələcəyimizdir. Siz hər biriniz gələcəkdə müxtəlif sahələri təmsil edən peşəkarlar olsanız da, müxtəlif sahələrdə çalışsanız da ali məqsədimiz Vətənimizə xidmət etməkdir”.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə isə tədbirə onlayn qoşulub


və Azərbaycan-ICESCO əməkdaşlığının davamlı olacağına əminliklərini ifadə ediblər və layihə barədə fikirlərini bölüşüblər. ICESCO-nun Baş direktoru evsahibliyinə və yüksək səviyyədə təşkilatçılığa görə BANM-in rektoru Elmar Qasımova təşəkkürünü bildirib. Salim bin Məhəmməd əl-Malik qeyd ki, bu layihə çərçivəsində 2025-ci ilin sonuna qədər müsəlman ölkələrində 150-dən çox yaradıcı startapçılar dəstəklənəcək.

ICESCO-nun Elm və Texnologiya üzrə məsləhətçisi Məhəmməd Şərif də çıxışında Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, bu layihəni əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcək. Bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir. “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə “ICESCO akseleratoru” barədə məlumat verərək bildirib ki, layihə üç mərhələdən ibarətdir: “Layihədə iştirak edən komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcək. Sonrakı mərhələ altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcək. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaq. Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar”.

Sonda layihə iştirakçıları Bakı Ali Neft Məktəbinin kampusu ilə tanış olublar.

Teqlər: