Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı davam edir (FOTO)

Bakı Ali Neft Məktəbinə (BANM) cari tədris ilində qəbul olmuş I kurs tələbələri üçün təşkil olunan Orientasiya proqramı davam edir. Bu dəfə Proseslərin avtomatlaşdırılması, Neft-qaz mühəndisliyi ixtisaslarının I kurs tələbələri və onların valideynləri üçün proqramın təqdimatı olub.

Orientasiya proqramı yeni tələbələri Ali Məktəblə tanış etmək, onların tədris prosesinə adaptasiyasına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Hazırlıq ilinin (“Foundation”) tələbələrinə Ali Məktəbin inkişaf yolu, uğurları, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib. Eyni zamanda, rektor yüksək bal toplamalarına baxmayaraq, tələbələrə təhsil aldıqları müddətdə sosial bacarıqlarını da daim inkişaf etdirməyi tövsiyə edib. O, bunun üçün Bakı Ali Neft Məktəbində bütün mümkün şəraitin yaradıldığını diqqətə çatdırıb.

SOCAR və BANM-in tarixi, inkişaf yolu, infrastrukturu haqqında geniş təqdimatdan sonra BANM haqqında videoçarx nümayiş olunub.

Tədbir zamanı BANM-də Tədrisin, imtahanların təşkili və keçirilməsi, daxili intizam, apelyasiya şikayətlərinin elektron qəbulu, e-poçt ünvanlarından istifadə qaydaları haqqında təqdimatlar keçirilib.

Bakı Ali Neft Məktəbinin məzunları, dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətinin Türkiyə və Qətər üzrə Qazma Xidmətləri Satış Müdiri Emilya Məmmədova, “SOCAR-Foster Wheeler”də çalışan Günay İsmiyeva, BANM-in “ERASMUS+” proqramının mütəxəssisi Gülşən Cabbarova tələbəlik illərindəki xatirələrini və uğur hekayələrini bölüşüblər.


BANM-in Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Neft Mühəndisləri Cəmiyyəti, Kəşfiyyat Geofizikləri Cəmiyyəti haqqında təqdimatlar keçirilib.

Tədbirdə Elmar Qasımov tələbə biletlərini də təqdim edib.

Bundan başqa, görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” paylanılıb.

Tələbələr və valideynlər üçün BANM-in Bibiheybətdə yerləşən əsas tədris korpusuna tanışlıq turu təşkil edilib.

Teqlər: