Bakı Ali Neft Məktəbində (BANM) “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, BANM və “Diplomatiya könüllüləri”nin tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsinə başlanılıb.
Layihənin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
44 günlük Vətən müharibəsinə həsr olunmuş layihənin əsas məqsədi diplomatik-siyasi mübarizənin vacibliyinin müzakirəsi, beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək verməkdir. Həmçinin diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsi əsas hədəflərdir.
Açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “ASAN Könüllüləri”nin dayanıqlı gənclər hərəkatına çevrildiyini və bu hərəkatın həm yerli, həm də beynəlxalq səviyyədə tədbirlərin keçirilməsində böyük rol oynadığını qeyd edib. Rektor BANM tələbələrinin də “ASAN Könüllülər” Təşkilatında aktiv təmsil olunduğunu bildirib: “ASAN Könüllüləri” – nin hərəkətverici qüvvəsi gənclərdir. Bu hərəkatın kütləvi və davamlı olması isə Prezident İlham Əliyevin “ASAN Könüllüləri”nə göstərdiyi diqqətin nəticəsidir”.
Elmar Qasımov 44 günlük Vətən müharibəsi, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə də toxunaraq vurğulayıb ki, bu zəfər hərb meydanı ilə yanaşı, ideoloji, diplomatiya, xarici siyasətdə də qazanılıb. O, xüsusilə informasiya müharibəsində qələbədə gənclərin rolunun böyük olduğunu qeyd edib: “44 günlük Vətən müharibəsi zamanı da gənclərin müxtəlif dillərdə sosial şəbəkələrdə aktiv mübarizəsinin şahidi olduq. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal şəkildə mübarizə apardılar. “ASAN Könüllüləri” bu mübarizədə xüsusi rol oyandılar. Bakı Ali Neft Məktəbinin tələbələri də bu mübarizəyə qatılaraq, müxtəlif dillərdə Azərbaycanın haqq səsini çatdırırdılar. Lakin unutmamamlıyıq ki, informasiya müharibəsi yekunlaşmayıb. Bu sahədə daim ön sırada olmalı, ölkəmizin haqq səsini dünyaya çatdırmalıyıq”.
Elmar Qasımov Ali Məktəbdə keçirilən “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsinin bu baxımdan informasiya müharibəsində mübarizəyə hazırlıq üçün böyük əhəmiyyət daşıdığını əlavə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də xaricidilli Azərbaycan gənclərini fəal olmağa səsləyərək, könüllülərin Vətən müharibəsi zamanı informasiya müharibəsində aktiv və nəticəyönümlü fəaliyyəti ilə yadda qaldığını bildirib: “Könüllülər hərəkatına qoşulmaqla, gənclər həm cəmiyyətə, həm dövlətə, həm də özlərinə fayda verirlər. Azərbaycanda könüllülük hərəkatı qısa müddətdə genişləndi və faydalı işlər gördülər. Vətən müharibəsi dövründə informasiya müharibəsində könüllülərin böyük dəstəyinin şahidi olduq. Amma informasiya müharibəsi bitməyib və gənclər davamlı şəkildə mübarizədə iştirak etməlidir. Bakı Ali Neft Məktəbində bu gün başlayan və bir ay davam edəcək bu layihənin də böyük fayda gətirəcəyinə inanıram”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da Azərbaycan gənclərinin uğurlarından, Azərbaycan Prezidentinin gənclərə qayğısından Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasındakı fəallığından bəhs edərək, gənclərin nailiyyətlərinin qürurverici olduğunu vurğulayıb. XİN rəsmisi diplomatik fəaliyyətin gənclərə aşılanması və onların siyasi biliklərinin artırılmasında bu gün başlanılan layihənin böyük rol oynayacağını da əlavə edib.
Yeri gəlmişkən, layihə çərçivəsində diplomatiyanın müxtəlif istiqamətləri, ictimai, hərbi, iqtisadi, mədəni və parlament diplomatiyası üzrə həftələrin keçirilməsi nəzərdə tutulur. İştirakçılar tərəfindən elmi araşdırma işinin hazırlanması və müxtəlif ekskursiyalar olacaq.
Yekunda layihənin effektivliyinin qiymətləndirilməsi üçün təqdim edilən 3 mövzu üzrə iştirakçılara Azərbaycan və ingilis dillərində öz məqalələri ilə həm yerli, həm də beynəlxalq mətbuatda çıxış etmək şansı yaradılacaq.