Bakı Ali Neft Məktəbində 31 Mart soyqırımı anılıb (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) 31 Mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Ali Məktəbin kollektivi və tələbələrinin iştirakı ilə keçirilən
tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş
həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar
Qasımov azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrindən
bəhs edərək xatırladıb ki, 1998-ci il martın 26-da ümummilli lider
Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı
əsasında 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
olunur: “1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı
dəstələri Bakı şəhərində, həmçinin Şamaxı, Quba, Xaçmaz və digər
bölgələrdə azərbaycanlılara qarşı kütləvi qətllər, soyqırımı
törədərək minlərlə insanı qətlə yetirib. Bu hadisələr tariximizin
qanlı səhifələridir. Minlərlə azərbaycanlının soyqırımı qurbanına
çevrildiyi tariximizin qan yaddaşına yazılan bu günlər
unudulmamalı, daim xatırlanmalıdır.Xalqımızın başına gətirilən
faciələrin təkrarlanmaması, tarixdən dərs çıxarılması üçün
gənclərimiz, tələbələrimiz tariximizi dərindən öyrənməlidirlər.
Gələcək nəsillər, həmçinin bilməlidirlər ki, bu gün Azərbaycanın
Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə tarixi qələbə
qazanmış güclü Ordusu və dövləti var ”.

Anım mərasimi 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr
olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.

Teqlər: